Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində “Korrupsiyaya YOX deyək” adlı tədbir keçirildi.

Gəncə Tibb Kollecində “Korrupsiyaya YOX deyək” adlı tədbir reallaşıb. AZERFAX.az xəbər verir ki, toplantıda çıxış edən kollecin həkim-müıllimləri Yeganə Hüseynova, Cəvahir Qarayeva, Şərqiyə Hüseynova korrupsiyanın cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biri olduğunu, mütərəqqi inkişafa mənfi təsir göstərdiyini, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaratdığını vurğuladılar:
“Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir” deyə Y. Hüseynova bildirib.
Digər natiqlər də əlkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparıldığını vurğuladılar. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində anti-korrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir.
Həmçinin o da qeyd olundu ki, Milli Fəaliyyət Planı ayrı-ayrı fəaliyyət istiqamətli qurumları korrupsiyaya qarşı mübarizə üsullarını birləşdirməyə xidmət edir.
Sonda “Korrupsiya cəmiyyətin bəlasıdır” adlı video çarx nümayiş olundu.





