Region

Gəncə xəstəxanasına 350 000 dollarlıq tibbi avadanalıqlar ianə olundu.

“Gəncə Azərbaycanın əsl xəzinəsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyimiz layihələr sayəsində bu şəhərin və ümumilikdə Azərbaycanın səhiyyə sisteminə real töhfə verə bildiyimiz üçün qürur duyuram. Son üç ildə həyata keçirilən təşəbbüslər yalnız tibbi xidmətlərin keyfiyyətinin artmasına deyil, həm də iki ölkə arasında dostluğun və qarşılıqlı inamın möhkəmlənməsinə xidmət edir”. AZERFAX.az-ın yerli bürosu xəbər verir ki, bu fikirləri Koreya Respublikası Hökuməti  tərəfindən Qrant yardımı Çərçivə Sazişi” üzrə həyata keçirilən “Kiçik Həcmləri ODA – İnkişafa Rəsmi Yardım proqramı çərçivəsində TƏBİB-in tabeliyində olan Gəncə şəhər Birləşmiş Xəstəxanasına ianə olunan tibbi avadanlıqların təhvil-təslim mərasimində cıxışı zamanı Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu bildirib.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, bu cür layihələr ölkəmizin səhiyyə sisteminin inkişafına mühüm töhfə verir:

“Layihənin əsas məqsədi ölkəmizdə həssas əhali qrupu üçün tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır. Xüsusilə vurğulamaq istərdim ki, ianə edilən tibbi avadanlıqlar ümumi və uroloji cərrahiyyə, diaqnostika, anesteziologiya, reanimasiya və intensiv terapiya tədbirlərinin həyata keçirilməsi üçün müasir texnikalardır. Xəstəxananın cərrahiyyə və reanimasiya bölmələrində istifadə olunacaq avadanlıqlar kritik vəziyyətdə olan xəstələr üçün həyati əhəmiyyət daşıyır. İnanırıq ki, yeni avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli və müasir tibbi xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasına töhfə verəcək”.

         TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vurğulayıb ki, Bu Koreya hökümətinin dəstəyi ilə Gəncədə reallaşdırılan ilk layihə deyil. 2024-cü ildə Koreya Hökumətinin dəstəyi ilə Gəncədə “Uşaqlara Tibbi Müayinə Dəstəyi” layihəsi həyata keçirilib, eyni zamanda “Kiçik Həcmli İnkişafa Rəsmi Yardım” proqramı çərçivəsində ürək-damar xəstəlikləri ilə bağlı xəstəxanaya 18 adda müasir tibbi avadanlıq ianə edilib:

“Xəstəxana regionda ən çox tibbi xidmət göstərən müəssisədir və eyni zamanda bura qonşu rayonlardan da müraciətlər çox olur. İanə edilən avadanlıqlar bizə imkan verəcək ki, göstərdiyimiz tibbi xidmət daha keyfiyyətli olsun və bütün bunlar, əlbəttə ki, ölkəmizdə müasir səhiyyə idarəçiliyi modelinin tətbiqi baxımından olduqca əhəmiyyətlidir”.

Gəncə Birləşmiş Xəstəxananın direktoru İlkin İsmayılov öz növbəsində aidiyyəti qurumlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib:

“Ümumilikdə ətraf 17 bölgədən vətəndaşlar Gəncə Birləmiş Xəstəxananın nəzdində olan tibb müəssisələrinə üz tuturlar. Bu müraciətlərin keyfiyyətli şəkildə qarşılanması üçün ianə edilən müasir tibbi avadanlıqlar tibb müəssisəmizin texniki imkanlarını artırır. Yeni avadanlıqlar tibbi personalının işini daha səmərəli qurmağa və vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə şərait yaradacaq” deyə İsmayılov əlavə edib.

Qeyd edək ki, ianə edilən və ümumi dəyəri 350 000 ABŞ dolları təşkil edir avadanlıqlar arasında rentgen aparatı, defibrilyator, anesteziya cihazı, xəstə monitorları, əməliyyat lampaları və masaları, elektrocərrahiyyə və aspirasiya aparatları, reanimasiya çarpayıları, körpə inkubatoru və s. yer alır. Bu avadanlıqlar xüsusilə ölüm riski yüksək pasiyentlərin vaxtında müalicəsinə imkan verən reanimasiya və intensiv terapiya bölmələrində istifadə olunacaq. Avadanlıqlar cərrahi əməliyyatların daha təhlükəsiz və dəqiq aparılmasına, anesteziya və reanimasiya proseslərinin təkmilləşdirilməsinə, yeni doğulan körpələrin xüsusi şəraitdə baxımına, həmçinin uroloji müdaxilələrin effektiv icrasına xidmət edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button