ADAU və Ege Universitetinin rektorları ikili diplom proqramının müəllim və tələbələri ilə görüşüblər

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının professor-müəllim heyəti və tələbələri ilə görüş keçirilib.
Proqram çərçivəsində fənn tədris edən Türk müəllimlərlə görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov ikili diplom proqramının gənclər üçün əhəmiyyətini vurğulayaraq, onun tələbələrin akademik və peşəkar inkişafına, eləcə də birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsinə geniş imkanlar açdığını bildirib. Rektor proqramın yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsinə də töhfə verəcəyini diqqətə çatdırıb.
Ege Universitetinin rektoru Musa Alcı isə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edərək, proqramın tədrisin keyfiyyətinin artırılması, tələbələrin beynəlxalq təcrübəsinin zənginləşdirilməsi və elmi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra rəhbər komitənin üzvləri tələbələrlə görüşüblər. Görüşdə beynəlxalq ikili diplom proqramının tədris prosesi, tələbələr üçün yaratdığı imkanlar və proqramın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tələbələrin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.









