Region

Daşkəsəndə Prezident cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Oktyabrın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair” müşavirədə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, rayonun müxtəlif sahələrini təmsil edən şəxslər, ağsaqqallar, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZERFAX.az xəbər verir ki, müşavirədə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov məruzə ilə çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı proqram xarakterli çıxışının ölkəmizin yeni inkişaf mərhələsində qarşıda duran strateji hədəfləri və mühüm vəzifələri müəyyən etdiyini bildirib. İcra başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə ölkəmiz qarşısında yeni imkanlar və reallıq yaranıb. Bu mərhələdə milli təhlükəsizliyin və müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, “Böyük Qayıdış”a dəstək, əhalinin sosial rifahının daha da yüksəldilməsi əsas prioritetlərdəndir. Bu baxımdan Daşkəsən rayonunda sosial-iqtisadi inkişafın davam etdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dövlət siyasətindən irəli gələn digər vəzifələrin icrasında birgə fəaliyyət, rayonun mövcud potensialından səmərəli istifadə olunması, ictimai həmrəylik, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi xüsusi əhəmiyyət daşıyır.

Sonra Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədr müavini Saleh Qurbanov, Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, şəhid anası Sevda Şıxıyeva, Vətən müharibəsi qazisi Ceyhun Əliyev, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sevil Ələsgərova, Daşkəsən rayon Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri Qızbəs Abbasova və əməkdar müəllim Duman Mahmudova çıxış ediblər. Çıxışlarda dövlətçilik ənənələrinin qorunması, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf istiqamətləri, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə toxunulub.

Müşavirə Prezident cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərdən irəli gələn vəzifələrin Daşkəsən rayonunda bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə icrasında birgə fəaliyyətin, milli həmrəyliyin və ictimai məsuliyyətin vacibliyinin vurğulanması ilə yüksək əhvali-ruhiyyə şəraitində başa çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button