ADAU-da fermerlər üçün heyvan sağlamlığı üzrə təlim keçirilib.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzi ilə “Hasvet Baku” MMC-nin birgə təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Heyvan sağlamlığının təmin olunmasında fermerlərə göstərilən aqrar xidmətlərin rolu” mövzusunda keçirilən təlimlərin ilk günü uğurla başa çatıb. AZERFAX.az xəbər verir ki, Gəncə Dövlət Aqrar Kollecində keçirilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev, Agentliyin əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr eləcə də fermer və baytar həkimlər iştirak ediblər.
Zəfər Qurbanov çıxışında heyvandarlıq sektorunun ölkəmizin ərzaq təhlükəsizliyinin əsas sütunlarından biri olduğunu diqqətə çatdırıb. Bu sahənin davamlı inkişafı isə birbaşa heyvan sağlamlığının qorunması və fermerlərə göstərilən peşəkar aqrar xidmətlərin keyfiyyətindən asılıdır. Rektor qeyd edib ki, keçirilən təlimin məqsədi həm fermerlərin bilik və bacarıqlarını artırmaq, həm də praktik sahədə qarşıya çıxan çətinliklərin elmi əsaslarla həllinə dəstək olmaqdır.
Çıxış edən Sərdar Hacıyev bildirib ki, Aqrar Xidmətlər Agentliyi aqrar sahədə bilik və bacarıqların artırılmasına, innovativ yanaşmaların təşviqinə və müasir texnologiyaların tətbiqinə xüsusi önəm verir. Agentliyin tabeliyində fəaliyyət göstərən Aqrar Təlim Mərkəzi fermerlər, baytar həkimləri və sahə mütəxəssisləri üçün mütəmadi olaraq yerli və beynəlxalq təcrübəyə əsaslanan təlimlər təşkil edir. Sərdar Hacıyev onu da vurğulayıb ki, təlim proqramları hazırlanarkən iştirakçıların real ehtiyacları, fəaliyyət sahələri və yaşadıqları bölgələrin spesifik xüsusiyyətləri nəzərə alınır.
Daha sonra Bariz Mehdiyev çıxış edərək, tədbirin əhəmiyyətinə toxunub. O, aqrar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin və biliklərin paylaşılmasının sektorun inkişafına verdiyi töhfəni vurğulayıb.
Tədbirin davamında beynəlxalq təcrübəyə malik ekspertlər — Örsan Güngör, Osman Cengiz və baytar həkim Şaiq Teyyubov fermerlər və baytar həkimlər üçün nəzərdə tutulmuş mövzular ətrafında interaktiv təqdimatlarla çıxış ediblər. Sessiyalar zamanı heyvan sağlamlığının qorunması, xəstəliklərlə düzgün mübarizə və aqrar xidmətlərin bu sahədə oynadığı əsaslı rol barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu kimi təlimlərin təşkili kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmış mütəxəssislərin beynəlxalq təcrübə əsasında bilik və bacarıqlarının artırılması, heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin daha effektiv həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Davamlı maarifləndirmə tədbirləri aqrar sahədə innovativ yanaşmaların tətbiqini sürətləndirməklə yanaşı, kənd təsərrüfatı məhsuldarlığının artmasına da töhfə verir.















