İran rəsmiləri ilə Putin arasındakı görüşün təfərrüatları açıqlandı


Rusiya Prezidenti Vladimir Putin İrana edilən hücumları qınayıb və müharibənin başa çatdırılması üçün hər cür yardıma hazır olduğunu bildirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzai İran dövlət televiziyasına açıqlamasında deyib. O, Rusiyaya rəsmi səfəri çərçivəsində Putinlə keçirdiyi görüşün təfərrüatlarını bölüşüb. Rzainin sözlərinə görə, görüşdə regiondakı mühüm məsələlər, müharibədən sonrakı dövr və təhlükəsizlik tədbirləri müzakirə olunub. O, İranın ali rəhbəri Müctəba Xameneinin mesajını Putinə çatdırdığını, Rusiya liderinin isə ona səmimi salamlarını göndərdiyini bildirib.
Rzai qeyd edib ki, Putin İranın nüvə obyektlərinin bombalanmasını qınayıb və ölkəyə qarşı aparılan müharibəni haqsız adlandırıb. Görüşdə Rusiyadan İrana təbii qaz boru kəmərinin çəkilməsi məsələsi də müzakirə olunub. Layihənin həyata keçirilməsi ilə İranın qaz tələbatının ödənilməsi, həmçinin Rusiyadan alınan qazın qonşu ölkələrə satılması nəzərdə tutulur.



