Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı yeni mərhələyə qədəm qoyub

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Prezident İlham Əliyevin dekabrın 8-9-da Slovakiya Respublikasına etdiyi rəsmi səfər hər şeydən əvvəl Azərbaycanın qlobal səviyyədə malik olduğu yüksək nüfuzun növbəti təsdiqi oldu. Dövlətimizin başçısının Bratislavada keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər yenidən formalaşmaqda olan geosiyasi nizamda Azərbaycanın aparıcı roluna bir daha aydınlıq gətirdi.
Bu baxımdan cənab Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri həm də Azərbaycanın Avropa İttifaqı çərçivəsində mövqelərinin gücləndiyini göstərən mühüm siyasi hadisədir. Slovakiya Prezidenti Peter Pelleqrininin geniş tərkibdə görüş zamanı Prezident İlham Əliyevə xitabən «Siz dostlarınızın yanına gəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünki Sizinlə dəfələrlə görüşmək imkanımız olub», deməsi isə dövlətimizin başçısına göstərilən böyük ehtiramın və Azərbaycanla əməkdaşlığa verilən böyük dəyərin göstəricisidir.
Cənubi Qafqazın lideri olan, siyasi və iqtisadi təşəbbüsləri ilə regional və beynəlxalq əməkdaşlıq proseslərini stimullaşdıran Azərbaycan Avropa İttifaqının əksər üzvləri ilə sıx siyasi-iqtisadi tərəfdaşlığa malikdir. Onların bir qismi ilə münasibətlər strateji məzmun kəsb edir. Bu sırada Slovakiya ilə əlaqələr həm də möhkəm dostluğa və dərin qarşılıqlı ehtirama söykənməsi ilə diqqəti çəkir. Qeyd edək ki, hər iki dövlət oxşar tarixə və taleyə malikdirlər və uzun onilliklərsosialist blokun tərkibində olublar. Azərbaycanla Slovakiyanı birləşdirən başqa bir mühüm faktor isə hər iki dövlətin beynəlxalq münasibətlərdə sülhsevər, ədaləti dəstəkləyən və dostluğu dəyərləndirən siyasət yürütməsidir. Təsadüfi deyil ki, rəsmi Bratislava artıq həllini tapmış Qarabağ məsələsində hər zaman ədalətli mövqedən çıxış edib, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olub. Bu gün isə rəsmi Bratislava postmünaqişə dövrünün reallıqlarını tanıyır və təqdir edir.
İkitərəfli əlaqələrə gəlincə, hər iki dövlət müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük siyasi iradə nümayiş etdirir. 2021-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş nəqliyyat, sənaye, logistika, enerji, investisiya və kənd təsərrüfatı kimi sahələrdə yeni tərəfdaşlıq imkanları yaradıb. İki ölkənin rəhbərliyinin əlaqələrinin inkişafı ilə bağlı siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun respublikamıza rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də əks olunan məsələlər hər iki tərəfin siyasi iradəsinin təzahürü olmaqla, əməkdaşlığın perspektivlərini müəyyən edir. Qısa müddət ötməsinə rəğmən strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə əlaqələri yeni inkişaf mərhələsinə yüksəldib.
Hazırda Azərbaycanla Slovakiya arasında müxtəlif sahələr üzrə əməkdaşlıq istiqamətləri mövcuddur ki, onlardan bəziləri hər iki tərəf üçün xüsusilə prioritet təşkil edir. Bunlardan biri Slovakiyanın enerji təhlükəsizliyinin təmin olunması və bu prosesdə Azərbaycanın iştirakıdır. Məlumdur ki, Avropa İttifaqı Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib. Prezident Peter Pelleqrininin bildirdiyi kimi Avropa İttifaqı bu qərarı 27 üzv adından qəbul edib. Lakin ötən ildən başlayaraq Azərbaycanın idxal etdiyi təbii qaz həm də Slovakiyaya ixrac olunur. Avropa İttifaqının Rusiya təbii qazından tamamilə imtina etdiyi bir vaxtda bu, Slovakiya üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan həm də uzunmüddətli perspektivdə Slovakiya üçün enerji təhlükəsizliyi məsələlərində əsas strateji tərəfdaş ola bilər. Prezident İlham Əliyevin Bratislavada mətbuata bəyanatında bununla bağlı qeyd etdiyi kimi respublikamızda yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.
Azərbaycandan təbii qaz alan ölkələrin sayı artıq 14-ə çatıb. Onlardan 8-i Avropa İttifaqına üzv olan dövlətlərdir. Bu dövlətlər məhz Azərbaycanın təbii qazı hesabına özlərinin enerji təhlükəsizliyini təmin edirlər. Azərbaycanın enerji təchizatının şaxələndirilməsində oynadığı rol digər Avropa dövlətləri kimi Slovakiya tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycanla Slovakiya arasındakı əlaqələrin prioritet istiqamətlərindən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıqdır. Burada söhbət yalnız Azərbaycana silah satışından yox, həm də birgə istehsaldan gedir. Slovakiyanın özüyeriyən artilleriya qurğularının və digər hərbi məhsulların istehsalı sahəsində böyük təcrübəsi var. İki dövlət hərbi texnikanı birgə istehsal edə və ixracını həyata keçirə bilərlər.
Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa işlərində Slovakiya şirkətləri də iştirak edirlər. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq prosesində iştirak edən xarici şirkətlər əsasən dost və tərəfdaş dövlətləri təmsil edirlər. Onların arasında Slovakiya şirkətlərinin də olması iki dövlətin dostluğunun nümunəsidir. Həmin şirkətlər Ağdam rayonunun Baş Qərvənd kəndinin “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmasında iştirak edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət kənd nailiyyətlərimizin və əbədi dostluğumuzun təzahürü olacaq. Bundan başqa, Slovakiya işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesində də Azərbaycana yardım edir.
Bütövlükdə, Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki dövlət arasındakı yüksək siyasi dialoqun, möhkəm dostluğun və strateji tərəfdaşlığın növbəti təzahürü oldu. Danışıqlarda və verilən bəyanatlarda səslənən fikirlər göstərdi ki, həm Bakı, həm də Bratislava əlaqələrin inkişafına böyük maraq göstərir. İki dövlət arasında müzakirə edilən məsələlərin əhatə dairəsi isə genişdir. Bu baxımdan, cənab İlham Əliyevin Slovakiyaya etdiyi ilk rəsmi səfər münasibətlərin yeni mərhələdəki inkişafında mühüm rol oynayacaq.



