Siyasət

“Qarabağ və Şərqi Zəngəzur bölgələri də gələcəkdə böyük idman yarışlarına ev sahibliyi edəcək”

Dövlət tək siyasəti və iqtisadiyyatı ilə deyil, həm də  mədəniyyəti, incəsənəti, idmani ilə də tanınır. Ölkəni həm də bayrağı tanıdır. Dövlət başçısı və siyasi xadimlərin xarici səfərlərindən başqa milli bayrağımızı bütün dünyada yüksəkliklərə qaldıran idmançılarımızdır. Beynəlxalq yarışlarda, dünya idman arenalarında qalib idmançılarımız Azərbaycan bayrağını yüksəkliklərə qaldırır, bütün dünyaya üç rəngli bayrağımızı tanıdır, himnimizi dinlətdirirlər. Əlbəttə bu şan-şöhrət deməkdir. Bu baxımdan dövlətçilikdə idmanın da əhəmiyyəti danılmazdır.

Dövlət müstəqilliyi bərpa olunan Azərbaycanda idmanın inkişafı Milli Olimpiya Komitəsinin yaradılması, 1997-ci il iyulun 31-də tanınmış idmançıların, idman mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda İlham Əliyev yekdilliklə MOK-un prezidenti seçilməsi ilə xüsusi təkamülə start verdi. Cənab İlham Əliyevin rəhbərliyi altında idmanın nəinki olimpiya növləri, eləcə də bütün sahələrində böyük inkişaf nəzərə çarpmağa başladı.

Azərbaycanda idman bu gün də inkişafdadır. Bunu ölkəmizdə inşa edilən idman qurğuları, keçirilən beynəlxalq miqyaslı yarışlar, idmançılarımızın mötəbər yarışlarda qazandıqları nailiyyətlər deməyə imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə çıxışında idmançılarımızın yola saldığımız ildə uğurlarını xüsusi vurğulayıb:

“Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır” deyə dövlət başçısı qeyd edib.

Azərbaycanda idmana qayğı dövlət siyasətinin tərkib hissələrindən biridir. Respublikada Olimpiya hərəkatı gücləndiyi gündən idmana maraq sürətlə artmaqda davam edir. Cənab İlham Əliyev də ölkədə idman infrastrukturlarının yenidən qurulduğunu, idman qurğularının ən yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı bölgələrdə idmanın inkişafı üçün yüksək şəraitin yaradıldığını qeyd etdi:

İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatmışdır. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb” deyə Cənab Prezident xüsusi qeyd edib.

Bu gün Azərbaycanın bütün bölgələrində idmanın inkişafına toxunan dövlət başçısı xüsusilə azad edilən ərazilərdə aparılan böyük miqyaslı tikinti və abadlıq, yenidən qurma işləri vurğulayaraq gələcəkdə  Qarabağda da böyük idman yarışlarının keçiriləcəyini qeyd etdi:

“Qarabağ və Şərqi Zəngəzur bölgələrində idman infrastrukturu yaradılır və bu ərazilər gələcəkdə böyük idman yarışlarına ev sahibliyi edəcək.”

Ölkəni bütün dünyaya tanıdan sahələrdən biri də təbii ki, turizmdir. İdmanın inkişafı, Azərbaycanda təşkil olunan beynəlxalq idman turnirləri, yarışlar ölkəmizə müxtəlif dövlətlərdən gələn idman həvəskarlarının, o cümlədən potensial turistlərin sayını artırır.  Bu baxımdan “Formula 1” yarışlarını xüsusi vurğulayan dövlət başçısı onun əhəmiyyətini də qeyd etdi:

“Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir.”

Yola saldığımız il ölkəmizin idman tarixində xüsusi çəkiyə malik olan MDB ölkələrinin üçüncü Oyunlarının keçirilməsi də Azərbaycanın idman dövləti kimi tanınmasının təsdiq etdi. Bu yarışların mahiyyəti və əhəmiyyəti haqqında öz çıxışında danışan cənab İlham Əliyev bir çox önəmli məqamları da qeyd etdi:

“Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə – bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir”.

Tədbirdə dövlət başçımız onu da qürurla bildirdi ki, Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilib. Bu, beynəlxalq idman təşkilatlarının Azərbaycana, azərbaycanlılara, Bakıya sevgisinin təzahürüdür:

Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Mən əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq. Əlbəttə, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da qeyd etdiyim kimi, bir ənənəyə çevrilib. Bu, çox gözəl ənənədir, artıq 30 ilə yaxındır ki, davam edir və hər şey ədalətli olmalıdır. Azərbaycanın idman şöhrətini ucaldan insanlar əlbəttə ki, dövlət tərəfindən qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir” deməklə bir da idmana və bayrağımızı dünyada tanıdan idmançılarımıza olan diqqət və qayğısını bir daha göstərdi.  

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı Azərbaycanın idman strategiyasının uğurla həyata keçirildiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan idmanı qarşıdakı illərdə də yeni zirvələr fəth edəcək:

“Əminəm ki, qarşıdakı illərdə Azərbaycan bayrağı beynəlxalq arenalarda daha da yüksəklərdə dalğalanacaq”

Mehparə QuliyevaSəhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimi

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button