Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Azərbaycanın beynəlxalq səviyyədə yüksək imicini formalaşdıran amillərdən biri də respublikamızda idmanın inkişafı və idmançılarımızın mötəbər yarışlardakı qələbələridir. Cənab Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı zamanı toxunduğu məsələlər, idmançılarımızın nəticələri ilə bağlı diqqətə çatdırdığı göstəricilər bir daha təsdiq etdi ki, Azərbaycan həm də idman dövləti kimi inkişaf edir və tanınır.
Qeyd edim ki, Azərbaycanda hələ sovet dövründə idman ənənəsi formalaşmışdı. O illərdə azərbaycanlı idmançılar həm fərdi, həm də kollektiv idman növlərində ittifaq və beynəlxalq miqyasda böyük nailiyyətlər qazanmışdılar, hər yerdə tanınırdılar. Lakin təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində respublikamıza rəhbərlik edənlərin laqeyd münasibəti digər sahələr kimi idman sferasını da tənəzzülə uğratmış, böhrana səbəb olmuşdu. Bunun nəticəsi kimi idman infrastrukturu sıradan çıxmış, perspektivli idmançılarımız isə başqa dövlətlərin bayrağı altında çıxış etmək məcburiyyətində qalmışdılar.
İdman sahəsində də vəziyyət yalnız Ulu Öndər Heydər Əliyevin xalqımızın 1993-cü ildə respublikamıza rəhbərliyə başlamasından sonra dəyişdi. Ulu Öndərin müdrikcəsinə əsasını qoyduğu idman, bədən tərbiyyəsi və gənclər siyasəti respublikamızın idman həyatındakı tənəzzülü dayandırdı, müsbətə doğru dəyişikliyin əsasını qoydu. Heydər Əliyevin sayəsində tezliklə respublikamızda idman sahəsində mühüm uğurlar əldə olundu. Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdən qızıl medallarla qayıtmağa başladılar.
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə 1997-ci ildə cənab İlham Əliyevin seçilməsi isə idman və bədən tərbiyəsi sferasında həyata keçirilən dövlət siyasətini daha da gücləndirərək, yeni şəraitdə reallaşmasına böyük imkanlar yaratdı. Cənab İlham Əliyev MOK prezidenti kimi ölkədə idmanın və Olimpiya hərəkatının inkişafı, Azərbaycanın beynəlxalq idman aləminə inteqrasiyası ilə bağlı həyata keçirdiyi tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı. Bu baxımdan Azərbaycanda idmanla bağlı ən böyük həqiqətlərdən biri budur ki, cənab İlham Əliyevin 1997-ci ildən MOK-a rəhbərlik etməsindən sonra ölkəmizdə idmanın inkişafı yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Məhz bundan sonra Azərbaycan idmançıları ilk dəfə olaraq Olimpiya Oyunlarında qızıl medallar qazanıblar, respublikamızda idman infrastrukturunun yenidən qurulması başlayıb. Hələ 2000-ci il Sidney Olimpiya Oyunlarında qazanılan iki qızıl və bir bürünc medal respublikamızda həyata keçirilən mütərəqqi idman siyasətindən xəbər verirdi.
Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi də diqqət yetirdiyi məsələlər sırasında idmanın inkişafı, idman infrastrukturunun yenilənməsi xüsusi yer tutur. Respublikamızda demək olar ki, idmanın bütün növləri üzrə ən müasir idman infrastrukturu yaradılıb. Bakıda və regionlarda 46 Olimpiya İdman Kompleksi inşa olunub. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ən mötəbər idman yarışlarının keçirilməsi üçün geniş imkanlar var. İndiyə qədər respublikamız I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, UEFA Avropa Liqası kimi mötəbər yarışlara mükəmməl şəkildə evsahibliyi edib. Artıq bir neçə ildir ki, Bakıda bütün dünyada böyük maraqla qarşılanan və 500 milyon nəfərdən çox auditoriyası olan Formula 1 yarışları keçirilir. Ən mühümü həm də odur ki, yalnız Bakıda deyil, Azərbaycanın regionlarında da böyük idman yarışlarının keçirilməsi üçün böyük imkanlar var.
Qeyd olunanlar Azərbaycanın idman ölkəsi kimi qlobal nüfuzunu yüksəltməklə yanaşı, respublikamızda idmanın daha da kütləviləşməsini və idmançılarımızın beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanmalarını şərtləndirmişdir.
Vətən müharibəsindəki zəfərimiz isə idmançılarımız qarşısında yeni çağırışlar formalaşdırıb. Çünki indi onlar beynəlxalq yarışlarda qalib dövlətin idmançıları kimi çıxış edirlər. Onlar həm də döyüş meydanında qalib gələn əsgər və zabitlərimizin qələbə yolunu idman meydanlarında davam etdirirlər. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə dediyi kimi bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Bəli, olduqca qürurvericidir ki, idmançılarımız bu məsuliyyəti layiqincə doğruldur, öz uğurları isə qələbə estafetini irəliyə aparırlar.
2025-ci il də Azərbaycan idmanı üçün əlamətdardır. İdmançılarımız bu ili böyük nailiyyətlərlə başa vururlar. İl ərzində beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Cənab Prezidentin dediyi kimi bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir.
O cümlədən, il ərzində respublikamız böyük idman hadisələrinə çevrilən yarışlara evsahibliyi edib. Belə ki, bu il Bakıda növbəti dəfə Formula 1 yarışı, eyni zamanda, ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilib. Məlum olduğu kimi UFC beynəlxalq miqyasda izlənən ən populyar idman yarışları sırasında yer alır və əsasən Amerikada və ya inkişaf etmiş digər ölkələrdə keçirilir. Həm bu turnirin, həm də dünyada böyük maraqla qarşılanan və 500 milyon nəfərdən çox auditoriyası olan Formula 1 yarışlarının Bakıda keçirilməsi onu göstərir ki, Azərbaycan ən nüfuzlu yarışların keçirildiyi ünvandır. Eyni zamanda, bu yarışlar təsdiq edir ki, Azərbaycan əsl idman dövlətidir.
Bu il həmçinin, Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərlərində III MDB Oyunları keçirilib. Yüksək təşkilatçılığı ilə yadda qalan III MDB Oyunları təsdiq etdi ki, Azərbaycanın regionları, hətta işğaldan azad edilən şəhərlərimiz böyük idman yarışlarına evsahibliyi etməyə qadirdir. Prezident İlham Əliyevin bildirdiyi kimi MDB Oyunları bizim potensialımızı göstərir:
«Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə – bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir».

Azərbaycan qarşıdakı dövrdə də mötəbər idman yarışlarına evsahibliyi edəcək. Prezident İlham Əliyev bununla bağlı qeyd etdi ki, gələn il respublikamızda Xizək üzrə Dünya Kuboku yarışı keçiriləcək. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzində keçiriləcək bu tədbir Azərbaycanın idman tarixinin mühüm hadisəsi olacaq. Xizək üzrə Dünya Kuboku respublikamızı qış idmanı növlərindən olan xizəksürmənin ünvanlarından biri kimi tanıdacaq.
Azərbaycanın idman tarixi üçün mühüm hadisələrdən biri də Bakının 2026-cı ildə “Dünya İdman Paytaxtı” elan olunmasıdır. Bu titul rəsmi olaraq Monakodan Bakıya təhvil verilib. Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunması respublikamızda idmanın inkişafına verilən beynəlxalq qiymətdir.
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı cənab İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi Azərbaycan idmanı ilə bağlı uğur hesabatı idi. Eyni zamanda cənab Prezidentin çıxışı ondan xəbər verdi ki, idmanın inkişaf etdirilməsi Azərbaycanda bundan sonra da dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalacaq.



