Siyasət

Azərbaycan gələcək nəsillər üçün etibarlı su ehtiyatlarının qorunmasını hədəfləyib.

Su həyatdır və gələcək nəsillər üçün qorunmalı olan ən strateji təbii ehtiyatlardan biridir. Qlobal iqlim dəyişiklikləri, əhali artımı və su ehtiyatlarının qeyri-bərabər bölgüsü dünyada su qıtlığı təhlükəsini daha da aktuallaşdırır. Belə bir şəraitdə su təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycan da bu çağırışlara vaxtında və adekvat cavab verən ölkələr sırasındadır.

2026-cı il yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətin su təhlükəsizliyi məsələləri xüsusi vurğulanaraq bu sahənin ölkənin dayanıqlı inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb. Müşavirədə su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və uzunmüddətli perspektivdə su balansının təmin edilməsi məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilib.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, su resurslarının məhdudluğu fonunda mövcud imkanlardan rasional istifadə, itkilərin minimuma endirilməsi və müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın transsərhəd su mənbələrindən asılılığı nəzərə alınaraq, bu sahədə kompleks və sistemli yanaşmanın vacibliyi dövlət başçısı tərəfindən daim ön plana çəkilir. Müşavirədə dövlət başçısı vurğuladığı kimi içməli su və suvarma layihələri  həmişə dövlətimizin diqqət mərkəzində olub:

“Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir” deyə dövlət başçısı qeyd edib.

 Bu gün ölkədə su təsərrüfatının modernləşdirilməsi, meliorasiya və irriqasiya sistemlərinin yenilənməsi, içməli su layihələrinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həyata keçirilən layihələr həm əhalinin keyfiyyətli su ilə təminatına, həm də kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət edir. Müşavirədə Prezident İlham Əliyev Azərbaycanın su mənbələrinin təqribən dörddəbir hissəsinin vaxtilə işğal altında olmuş ərazilərdə formalaşdığını bildirib:

“Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır – Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır” deyə ölkə başçısı diqqətə çatdırıb.

Keçirilən müşavirə zamanı İlham Əliyev Bakının və Abşeron yarımadasının içməli su problemlərinin əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşıda durduğunu bildirib.  Dövlət başçısı əlavə edib ki, bu istiqamətdə genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilməsinin zamanıdır:

“Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına” deyə Prezident əlavə edib.

Dövlət başçısı vurğulayıb ki, proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir:

“Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq” deyə Prezident qeyd edib.

Müşavirədə vurğulandığı kimi, su təhlükəsizliyi təkcə dövlət qurumlarının deyil, bütün cəmiyyətin birgə məsuliyyətidir. Vətəndaşların suya qənaət etməsi, ətraf mühitə həssas yanaşması və ekoloji mədəniyyətin yüksəldilməsi bu sahədə uğurun əsas şərtlərindəndir:

“Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi. Halbuki biz baxmalıyıq, gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və qeyd etdiyim kimi, proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır” deyə dövlət başçısı xüsus vurğulayıb.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət Azərbaycanın su təhlükəsizliyinin təmin olunmasına, gələcək nəsillər üçün etibarlı su ehtiyatlarının qorunmasına xidmət edir. Qlobal çağırışların artdığı bir dövrdə bu məsələnin dövlət səviyyəsində xüsusi diqqət mərkəzində saxlanılması ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Sevinc Daşdəmirova – Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin Şöbə müdiri

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button