Niyaməddin Musayevin qızı Qumralın ifasını “YouTube”dan sildirdi

Niyaməddin Musayevin qızı Röya müğənni Qumralın ifasını “YouTube” platformasından sildirdiyini bildirib.
AZERFAX.AZ olay-a istinadla xəbər verir ki, bu barədə tərəflər “Tarixin bir günü” verilişində açıqlama veriblər.
Qumral “Dünya sənin, dünya mənim” mahnısının silinməsi ilə bağlı deyib ki, ifanın “YouTube”dan götürülməsinin Röya tərəfindən edildiyi ona bildirilib:
“Mənə dedilər ki, Röya xanım sildirib. Onunla yaxın olmuşuq, çörək kəsmişik. Ona yazdım, amma məni blokladı. Maraqlıdır ki, niyə məhz mən? Axı mən də əziyyət çəkirəm”.
Röya isə iddiaları təkzib edərək Qumralın mahnını düzgün ifa etmədiyini bildirib:
“O, mənə heç nə yazmayıb. Xahiş edirəm, bu cür qalmaqallara şərait yaradılmasın. Nə özümə, nə də atama bunu yaraşdırıram. Atama da demişəm ki, bu mövzu açılsa, efiri tərk etsin. Bu məsələ ilə bağlı onunla iki saat danışmışıq. Qumralın çıxışına baxdım və atama dedim ki, buna icazə verməyəcəyəm. Çünki atamın mahnıları ilə bağlı müəllif hüquqları məndədir. Mahnıda ‘cütlənmiş’ əvəzinə ‘cütləşmiş’ deyilib. Üstəlik, ümumiyyətlə icazə alınmayıb. Müəllif hüquqları qorunur və biz bu məsələyə peşəkar yanaşmışıq. İfa üçün mütləq icazə alınmalıdır”.



