Dünyada tütün istifadəsi azalır

Dünya üzrə 2000–2024-cü illər arasında bütün yaş qruplarında həm kişilər, həm də qadınlar arasında tütün istifadəsində davamlı azalma müşahidə olunsa da, bu prosesə daha çox qadınlar öncülük edir.
AZERFAX.AZ xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə siqaretin insan sağlamlığına dağıdıcı təsirlərinə diqqət çəkmək, tütün istifadəsini azaltmaq və ictimai maarifləndirməni gücləndirmək məqsədilə hər il 9 fevral “Dünya Siqaretdən İmtina Günü” kimi qeyd olunur.
DST məlumatlarına əsasən, dünyada tütün istehlakında azalma qeydə alınsa da, “tütün epidemiyası” hələ də tam sona çatmayıb. Təşkilatın 2025-ci il hesabatına görə, 2000-ci ildə dünyada 1,38 milyard olan tütün istifadəçilərinin sayı 2024-cü ildə 1,2 milyarda enib.
2010-cu ildən bu yana tütün istifadəçilərinin sayı 120 milyon azalıb ki, bu da təxminən 27 faiz azalma deməkdir. Buna baxmayaraq, tütün hələ də dünyada hər beş yetkindən birini asılı vəziyyətə salır və hər il milyonlarla qarşısı alına bilən ölümə səbəb olur.
Yeni təhlükə: Elektron siqaretlər
Dünyada elektron siqaret istifadəsi sürətlə yayılmağa davam edir. Hazırda dünya üzrə 100 milyondan çox insan elektron siqaretdən istifadə edir. Onların ən azı 86 milyonu yüksək gəlirli ölkələrin payına düşür.
Eyni zamanda, 13–15 yaş aralığında olan azı 15 milyon uşaq və yeniyetmə elektron siqaret istifadəçisidir. Tütün sənayesi elektron siqaretlər, nikotin paketləri, qızdırılan tütün məhsulları və yeni texnologiyalar vasitəsilə asılılığı təşviq etməyə davam edir.
Tütün istifadəsini azaltmada qadınlar liderdir
2000–2024-cü illər arasında hər iki cinsdə tütün istifadəsi azalsa da, tütündən imtina prosesində qadınlar daha sürətli nəticə əldə edib. Qadınlar 2025-ci il üçün müəyyən edilən tütün istifadəsini azaltma hədəfinə beş il əvvəl – 2020-ci ildə nail olublar. Bu, qadınlar arasında tütün istifadəsinin 30 faiz azalması deməkdir.
Qadınlar arasında tütün istifadəsi 2010-cu ildə 11 faiz olduğu halda, 2024-cü ildə bu göstərici 6,6 faizə düşüb. Qadın tütün istifadəçilərinin sayı isə 277 milyondan 206 milyona enib.
Kişilərin isə tütün istifadəsini azaltmaq üçün müəyyən edilən 2025-ci il hədəfinə yalnız 2031-ci ilə qədər çatacağı gözlənilir. Hazırda dünyada tütün istifadəçilərinin 80 faizdən çoxunu kişilər təşkil edir və təxminən 1 milyard kişi hələ də tütündən istifadə edir.
Kişilər arasında tütün istifadəsi 2010-cu ildə 41,4 faiz, 2024-cü ildə isə 32,5 faiz olub. Lakin azalma tempi qadınlarla müqayisədə daha zəifdir.
Regionlar üzrə tütün istifadəsi
Cənub-Şərqi Asiyada kişilər arasında tütün istifadəsi kəskin azalıb. 2000-ci ildə 70 faiz olan göstərici 2024-cü ildə 37 faizə düşüb. Qlobal azalmanın yarıdan çoxu məhz bu regionun payına düşür.
Afrika 2024-cü ildə 9,5 faiz ilə ən aşağı tütün istifadəsinə malik regiondur və 30 faiz azalma hədəfinə doğru irəliləyir. Lakin əhali artımı səbəbindən tütün istifadəçilərinin ümumi sayı artmaqda davam edir.
Avropada 2024-cü ildə böyüklərin 24,1 faizi tütün istifadə edib ki, bu da regionu dünya üzrə ən yüksək göstəriciyə malik əraziyə çevirir.
Şərqi Aralıq dənizi bölgəsində tütün istifadəsi 18 faiz təşkil etsə də, bəzi ölkələrdə artım müşahidə olunur.
Qərbi Sakit okean regionunda isə böyüklər arasında tütün istifadəsi 2010-cu ildə 25,8 faiz, 2024-cü ildə 22,9 faiz olub. Bu bölgədə qadınlar arasında tütün istifadəsi 2,5 faiz ilə aşağı səviyyədə qalsa da, kişilər arasında 43,3 faiz ilə ən yüksək göstərici qeydə alınıb.
Mənbə: TRT Haber
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



