Piylənmənin beyin üçün gizli təhlükəsi açıqlandı

Artıq bədən çəkisi beyin sağlamlığına təsir göstərə bilər.
AZERFAX.AZ xəbər verir ki, Çinin Xuzhou Tibb Universitetinin alimlərinin gəldiyi nəticəyə görə, həlledici amil isə ümumi çəki deyil, yağ toxumasının necə paylanmasıdır.
Təxminən 26 min nəfərdən götürülmüş məlumatları təhlil edən alimlər piylənmənin hansı halda beyin üçün təhlükəli olduğunu müəyyən ediblər.
Tədqiqatın nəticələri “Radiology” jurnalında dərc edilib.
Müəlliflər Britaniya Biotibbi Tədqiqat Mərkəzinin məlumatlarından istifadə ediblər və orta yaşı təxminən 55 olan 25 997 iştirakçının MRT nəticələrini araşdırıblar.
Tədqiqatçılar bədən yağının paylanmasının altı nümunəsini müəyyən ediblər və onları beyin həcmi, eləcə də koqnitiv test nəticələri ilə müqayisə ediblər. Məlum olub ki, daha yüksək yağ tərkibi olan bütün qruplarda ən arıq qrupla müqayisədə daha kiçik beyin həcmi və boz maddə müşahidə edilir.
Tədqiqatın müəlliflərindən biri olan Kai Liu bildirib: “Biz daxili orqanlar da daxil olmaqla müxtəlif anatomik yerlərdə yağı dəqiq ölçmək üçün MRT-dən istifadə etdik və subyektiv qiymətləndirmələrə deyil, məlumatlara əsaslanan təsnifat əldə etdik”.
Əvvəllər təsvir olunmamış iki yağ paylanma modeli tədqiqatçıların xüsusi diqqətini cəlb edib. Onlar birincisini “pankreas dominantlığı” adlandırdılar – bu modeldə artan yağ mədəaltı vəzi ətrafında toplanır. “Arıq, amma yağlı” adlandırılan ikinci model, daxili orqanların ətrafında sıx yağ yığılması olsa da, nisbətən normal bədən kütlə indeksinə (BKİ) sahib insanlara aiddir. Bu modellərin hər ikisi beyin pozğunluğunun ən yüksək riski ilə əlaqələndirilib. Bu cür yağlanmadan əziyyət çəkənlərin beynində boz maddə həcminin azalması, ağ maddə lezyonlarının inkişafı, sürətlənmiş beyin qocalması və idrak geriləməsi baş verir. Bundan əlavə, bu şəxslərdə insult və epilepsiya da daxil olmaqla nevroloji xəstəliklər riski də daha yüksək olur.
“Beyin sağlamlığı yalnız bədəndə nə qədər yağın olmasından deyil, həm də onun harada toplanmasından asılıdır”, – Kai Liu vurğulayıb.
Müəlliflər hesab edirlər ki, gələcəkdə bu məlumatlar idrak pozğunluğu riski artan insanları erkən müəyyən etmək və beyinlə bağlı problemlərin vaxtında qarşısını almaq üçün istifadə edilə bilər.
Ləman



