Serbiya Azərbaycanın Balkanlardakı yaxın dostu və etibarlı strateji tərəfdaşıdır

Xanlar Fətiyev – Milli Məclisin deputatı
Azərbaycan Balkan dövlətlərinin əksəriyyəti, o cümlədən keçmiş Yuqoslaviya respublikaları ilə sıx siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrə malikdir. Bu sırada respublikamızın Serbiya ilə münasibətləri xüsusilə fərqlənir. Belə ki, Azərbaycanla Serbiya etibarlı strateji tərəfdaşlar olmaqla yanaşı, həm də bütün siyasi və iqtisadi müstəvilərdə bir-birlərinin maraqlarını qətiyyətlə müdafiə edən dost dövlətlərdir.
Azərbaycan-Serbiya əlaqələrindən bəhs edərkən, əlbəttə ki, iki dövlətin prezidentləri arasındakı səmimi və qarşılıqlı anlaşmaya əsaslanan dostluğu xüsusi qeyd etməliyik. Çünki məhz prezidentlərin dostluğu dövlətlərarası münasibətlərin də inkişaf edərək, ən yüksək siyasi səviyyəyə çatmasına, dostluğa çevrilməsinə və dərin strateji məzmun kəsb etməsinə səbəb olub. Fevralın 15-də Serbiyaya rəsmi səfərə gələn cənab Prezident İlham Əliyevin hava limanında Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən şəxsən qarşılanması və yola salınması, o cümlədən cənab İlham Əliyevin təyyarəsini Serbiya qırıcılarının müşayiət etməsi iki dövlətin və onların rəhbərlərinin dostluğunun növbəti təcəssümünə çevrildi. Xatırladım ki, cənab İlham Əliyevin 2022-ci ilin noyabrında Serbiyaya rəsmi səfəri zamanı da Prezident təyyarəsini bu ölkənin qırıcıları müşayiət etmişdilər. Qonaq prezidentə ehtiram nümunəsi kimi motosikletçilər dəstəsinin, atlıların müşayiət etməsi protokolda tez-tez rast gəlinən hadisədir. Lakin qırıcıların havalandırılması qarşılanma protokolunda çox nadir hallarda olur. Göründüyü kimi, cənab Prezident İlham Əliyev Serbiyaya hər səfərində dost kimi ən yüksək ehtiramla qarşılanır və yola salınır.
İki dövlət arasındakı əlaqələrə gəldikdə,Azərbaycan və Serbiya dərin strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrdir. 2013-cü ilin fevral ayında “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 2018-ci ilin may ayında “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”, 2022-cü ilin noyabr ayında isə Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanıb. Azərbaycanla Serbiya arasında ümumilikdə 57 sənədin imzalanması onu deməyə əsas verir ki, əməkdaşlığın güclü hüquqi bazası formalaşıb.

Strateji tərəfdaşlığın və yüksək siyasi dialoqun nəticəsidir ki, Azərbaycanla Serbiya arasındakı əməkdaşlıq əlaqələrinin əhatə dairəsi olduqca genişdir. Qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş bu əməkdaşlıq ötən illərdə hərtərəfli inkişaf edib və məzmunca zənginləşib. Bunu fevralın 15-də Belqradda prezidentlərin iştirakı ilə keçirilən Azərbaycanla Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında müzakirə olunan məsələlər və mətbuata verilən bəyanatlar da təsdiq edir. Belə ki, iclasda energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edirik.
Son beş ildə Azərbaycanla Serbiya arasında xarici ticarət dövriyyəsi 15 dəfə artaraq 2025-ci ilin yekununda 135 milyon dollara çatıb. Bu da təsdiq edir ki, dövlət başçılarının siyasi iradəsinin və strateji tərəfdaşlığın nəticəsi olaraq iki ölkə arasında əməkdaşlıq olduqca dinamik şəkildə inkişaf edib. Əlbəttə ki, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfərinin nəticəsi olaraq ikitərəfli əlaqələrdə yeni əməkdaşlıq sferaları yaranacaq, qarşılıqlı ticari-iqtisadi dövriyyənin həcmi artacaq. Dövlətimizin başçısının Belqradda mətbuata açıqlamasında toxunduğu məsələlər, xüsusən, Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə yatırmağa hazır olduğunu bəyan etməsi də göstərir ki, iqtisadi dövriyyə həm məzmunca, həm də həcmcə daha da yüksələcək. Eləcə də bu ilin may ayından etibarən “Air Serbia” vasitəsilə Belqradla Bakı arasında birbaşa reysin açılmasının planlaşdırılması turizmin inkişafına töhfə verəcək.
Serbiya Azərbaycanın təbii qaz ixrac etdiyi 16 dövlətdən biridir. Ümumiyyətlə, iki dövlətin energetika sahəsində əlaqələri çoxşaxəli formatda inkişaf edir. Prezident İlham Əliyevin Belqrada səfəri zamanı isə dövlət başçıları təbii qazın ixracının həcminin artırılması barədə razılığa gəliblər. Respublikamızdan ixrac olunan təbii qaz Belçikada tikintisi planlaşdırılan 500 meqavatlıq elektrik enerjisi stansiyasının fəaliyyətini də təmin edəcək. Azərbaycanın yaxından dəstəyi ilə inşa olunacaq bu elektrik stansiyası respublikamızın son illərdə Avropada yatırdığı əsas investisiya qoyuluşlarından biri olacaq. Bu elektrik stansiyasının inşası göstərir ki, Azərbaycanla Serbiya arasında enerji sferasında əməkdaşlıq yalnız təbii qazın ixracı ilə məhdudlaşmayacaq. Bu əməkdaşlıq birgə istehsal kimi vacib sahəni də əhatə edəcək. Bununla yanaşı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bərpaolunan enerji stansiyalarının tikintisi sahəsində də Serbiya ilə əməkdaşlıq etməyə hazırdır.
Ümumiyyətlə, Belqradda müzakirə olunan məsələlər, prezidentlərin mətbuata birgə bəyanatlarında səsləndirilən fikirlər Azərbaycanla Serbiya arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə qədəm qoymasından xəbər verir. Bu bəyanatlar göstərir ki, tərəflər yalnız mövcud layihələrin icrası ilə kifayətlənməyərək, həm də uzunmüddətli inkişafın və nəticəyönümlü əməkdaşlığın trayektoriyası üzrə birgə yol xəritəsini müəyyən ediblər. Eyni zamanda, mətbuata bəyanatla çıxışlarda toxunulan məsələlər göstərir ki, Azərbaycan-Serbiya tərəfdaşlığı sıradan ikitərəfli siyasi-iqtisadi münasibətlər deyil. Çünki bu tərəfdaşlıq enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və geoiqtisadi inteqrasiya kimi milli maraqlar müstəvisində formalaşan məsələləri ehtiva edir.
Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkənin strateji tərəfdaşlığının, o cümlədən, dövlət başçıları arasındakı səmimi dostluq münasibətlərinin növbəti təzahürü oldu. Məlum olduğu kimi, bu səfər həm də Serbiyanın milli bayramı olan Dövlətçilik Gününə təsadüf etdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan və Serbiya dost ölkələrdir, bu dövlətin milli bayram günündə rəsmi səfərin baş tutması yüksək münasibətlərin təzahürüdür.
Bu səfər bir daha təsdiqlədi ki, Serbiya Azərbaycanın Balkanlardakı yaxın dostu və etibarlı strateji tərəfdaşıdır. Belqradda aparılan müzakirələr, paraflanan sənədlər münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə, yeni strateji məqsədlərin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Ali səviyyəli qarşılıqlı səfərlər, dövlət başçıları arasındakı fəal siyasi dialoq Azərbaycan-Serbiya əlaqələrini bundan sonra da gücləndirəcək, əlaqələrin sürətlə inkişafına və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə böyük töhfə verəcək.



