Millinin baş məşqçisi gizlicə Belarusa köçdü

İdman gimnastikası üzrə Ukrayna yığmasının baş məşqçisi Vyaçeslav Lavruxin gizli şəkildə Belarusa işləməyə yollanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukrayna Gimnastika Federasiyasının vitse-prezidenti Stella Zaxarova Ukraynanın “Çempion” nəşrinə verdiyi şərhdə məlumat verib.
“Belə bir şey ümumiyyətlə olmamalıdır, onun Ukraynaya yolu ömürlük bağlanmalıdır. Bu onun qərarıdır, o bizi məlumatlandırmadı, sadəcə yoxa çıxdı. Biz yazdıq, zəng etdik, lakin o cavab vermədi. Bundan sonra isə qəfildən Belarusa getdiyi məlum oldu”, – deyə o qeyd edib.
Lavruxin 2011-ci ildə Ukraynanın əməkdar məşqçisi adını alıb. Karyerası ərzində o, 2012-ci il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, həmçinin dünya və Avropa çempionatlarının çoxqat mükafatçısı olan ukraynalı gimnast İqor Radivilovla çalışıb.
2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarının startı ərəfəsində yeni dayaqla tullanma növünə onun adı verilmişdi.
Hüseyn İbadlı



