Məşhur klub 37 il əvvəl baş verən təcavüzə görə təzminat ödədi

Şotlandiyanın “Seltik” klubu cinsi zorakılıq qurbanına beşrəqəmli məbləğdə kompensasiya ödəyərək məsələni məhkəməyə qədər – cəmi bir ay ərzində həll edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Adı hüquqi səbəblərə görə açıqlanmayan şəxs məhkəməyə müraciət edərək bildirib ki, 1989-cu ildə Qlazqo təmsilçisinin aşağı yaş qrupları üzrə komandalarında işləyən Frank Kerni tərəfindən hücuma məruz qalıb. Klub əvvəlcə hadisə ilə hər hansı əlaqəsini inkar etsə də, sonradan məhkəmədənkənar razılaşmaya gedərək kompensasiya ödəməyə razılaşıb.
Hazırda 90 yaşı olan Kerni daha əvvəl 1980-ci illərdə gənc futbolçulara qarşı törədilmiş 9 zorakılıq faktı üzrə təqsirli bilinmişdi. O, 2019-cu ilin fevralında 4 il müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkən bildirib ki, yaşadıqları onda utanc hissi yaradıb. O, həmçinin qeyd edib ki, hadisədən dərhal sonra klubun bir neçə nümayəndəsi onun Kerninin hərəkətləri ilə bağlı şikayətlərini görməzdən gəlib.
İş materiallarına əsasən, Kerni tərəfindən törədilən zorakılıq 1989-cu ildə baş verib. Bundan əlavə, ötən il 24 zərərçəkənin təşəbbüsü ilə “Seltik”ə qarşı aparılan digər araşdırma 1 milyon funt sterlinqdən çox ümumi məbləğdə kompensasiyaların ödənilməsi ilə yekunlaşıb.
“Seltik” onların uşaq klubu ilə birbaşa əlaqəsi olmadığını, həmin strukturun ayrı bir təşkilat olduğunu iddia edirdi.
Heybət



