I Qarabağ Təhsil Forumu işə başladı

Qarabağ Universitetində I Qarabağ Təhsil Forumu öz işinə başlayıb.
Forumun əsas məqsədi təhsilimizin əsas perspektivlərini müzakirə edib, gələcəyin vətəndaşını yetişdirmək uğrunda orta və ali məktəblərin bir-birinə inteqrasiyasını təmin etməkdir.
AZERFAX.AZ xəbər verir ki, Pedaqoji fakültənin təşəbbüsü ilə təşkil olunan forumun açılışında çıxış edən universitetin rektoru Şahin Bayramov regionda təhsil subyektlərinin bir araya gələrək təhsilin gələcəyini müzakirə etməsini mühüm strateji addım kimi qiymətləndirib. Ş.Bayramov ali və ümumtəhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin gələcəyin müəllim kadrlarının hazırlanmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, ölkənin aparıcı təhsil ekspertlərinin iştirak etdiyi bu forum Qarabağda mütərəqqi təhsil ənənələrinin bərpası və tədris prosesinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması baxımından önəmlidir.
Forumun açılışında elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev tədbirin məhz Qarabağ Universitetində keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O qeyd edib ki, region üçün gələcəyin mütəxəssislərinin hazırlandığı bu ali təhsil müəssisəsi aparıcı ümumtəhsil məktəbləri ilə sıx əməkdaşlıq edir və təhsil sahəsində innovasiyaların tətbiqinə töhfə verir.
Daha sonra universitetin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova iştirakçıları forumun proqramı ilə tanış edib. Dekan diqqətə çatdırıb ki, panel müzakirələrində qaldırılan məsələlər ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir və təhsil müəssisələri ilə tədqiqat institutları arasında əməkdaşlığın inkişafı mühüm əhəmiyyət kəsb edir.
Forum çərçivəsində iki panel müzakirəsi təşkil olunub. “Təhsilin keyfiyyətinin artırılması” mövzusuna həsr olunan birinci paneldə müxtəlif təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri çıxış ediblər. “Sabah üçün gərək olan vacib bacarıqlar” adlı ikinci paneldə isə gələcəyin təhsil trendləri və zəruri səriştələr ətrafında fikir mübadiləsi aparılıb. Panel müzakirələrinə Abdulxaliq Məmmədli və Amin Hüseynov tərəfindən moderatorluq edilib və iştirakçıların sualları cavablandırılıb.
Forum öz işini seminar sessiyaları və ustad dərsləri ilə davam etdirib. Seminar məşğələlərində yerli və beynəlxalq təhsil mütəxəssisləri tərəfindən müxtəlif mövzularda təqdimatlar keçirilib.
Qeyd edək ki, I Qarabağ Təhsil Forumunda Şuşa, Ağdam, Xankəndi və Xocalı şəhərlərindən olan məktəblərin aparıcı müəllimləri iştirak ediblər.



