Ölkə

“WhatsApp” yeni funksiyanı aktiv edir

“WhatsApp” mesajlarda telefon nömrələrini, tarixləri, ünvanları və elektron poçt ünvanlarını avtomatik tanıyan yeni funksiyanı istifadəyə verir. Yenilik istifadəçilərə yazışmalar zamanı bu məlumatlarla bağlı əməliyyatları daha sürətli yerinə yetirməyə imkan yaradacaq.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, tətbiq mesajda uyğun məlumat aşkar etdikdə həmin mətnin altında nöqtəli xətt göstərir. İstifadəçi həmin hissəyə toxunaraq təklif olunan əməliyyatları görə bilər.

Telefon nömrələri üçün nömrəni köçürmək, kontaktlara əlavə etmək və zəng etmək imkanları təqdim olunur. Tarix və saatları təqvimə əlavə etmək, köçürmək və ya birbaşa “WhatsApp” daxilində tədbir yaratmaq mümkündür. Ünvanlar xəritədə açıla, elektron poçt ünvanları isə poçt tətbiqinə yönləndirilə bilər.

Yeni funksiya həm daxil olan, həm də göndərilən mesajlarda işləyir. İstifadəçi təklif olunan əməliyyatlardan yararlanmaq istəmədikdə isə heç bir addım atmadan yazışmanı davam etdirə bilər.

“WhatsApp” mətnlərin tanınmasının birbaşa istifadəçinin cihazında həyata keçirildiyini bildirir. Mesajların məzmunu bu məqsədlə şirkətin serverlərinə göndərilmir və yenilik başdan-başa şifrələməyə təsir göstərmir.

Qeyd edək ki, funksiya “Android” və “iOS” əməliyyat sistemlərinin son versiyalarından istifadə edən bəzi istifadəçilər üçün mərhələli şəkildə təqdim olunur. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələ açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button