Zərifə xanım Əliyevanın 103-cü ildönümü Akademik Z. Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsində qeyd olundu.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsində Zərifə xanım Əliyevanın anadan olmasınını 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Toplantı Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Sonra Ümummilli lider Heydər Əliyevin, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın bütövlüyü, torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı.

“Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşib. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı olmaq kimi böyük bir məsuliyyəti şərəflə daşıyan Zərifə xanım, həm də həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb”. Bu fikirləri açılış nitqində çıxış edən xəstəxananın Oftalmologiya şöbəsinin müdiri Tələt Nəbiyev söyləyib. O vurğulayıb ki, Zərifə xanım Əliyeva peşəkar həkim olmaqla yanaşı cəmiyyətin həyatında fəal rol oynayan, zərif qəlbə və böyük nəcibliyə malik, ailəsinə də son dərəcə bağlı bir qadın, gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanım bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edirdi. Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdi. Bu gün əsl Azərbaycanlı xanım obrazını özündə birləşdirən Zərifə xanımın böyüdüb böya-başa çatdırdığı siyasi liderimiz İlham Əliyev ailəsinin, valideynlərinin ona verdikləri Vətən sevgisini öz qəlbində yaşadır:

“Böyük dövlət xadimi Əziz Əliyevin qızı, müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızım Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı, hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevin anası Zərifə xanım Əliyeva layiqli övlad, vəfalı ömür-gün yoldaşı, yaxşı ana, missiyanı şərəflə yerinə yetirib” deyə T. Nəbiyev əlavə edib.

Sonra çıxış edən natiqlər də Zərifə xanım Əliyevanın həyat və fəaliyyətində böyük önəm verdiyi həkimlik peşəsində qazandığı uğurlardan, nailiyyətlərdən söhbət açdılar. Qeyd olundu ki, akadrmik peşəsini vicdanla yerinə yetirən oftalmoloq-alim kimi insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi böyük səylər onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu göstəricisidir.
Tədbirin sonunda “Zərifə Əliyeva – qəlblərdə yaşayan nurlu insan” adlı sənədli film nümayiş olundu.






