AZERFAX TV

ABŞ ilə danışıqlarına Xamenei nəzarət edir

İran ABŞ ilə danışıqları ali rəhbər ayətullah Müctəba Xameneinin və yüksəkrütbəli məmurların nəzarəti altında aparır.

AZERFAX.AZ “Al Mayadeen” telekanalına istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) ali rəhbərin nümayəndəsi Abdulla Haci Sadıqi bəyan edib.

“Danışıqlar yüksəkrütbəli rəsmi şəxslərimizin tam nəzarəti altında keçir və ali rəhbərin dəstəyinə əsaslanır”, – deyə o bildirib.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti diplomatik mənbələrə istinadən yazmışdı ki, ayətullahın ictimaiyyət arasında görünməməsi ABŞ ilə danışıqlarda gərginlik yaradır, onun səssizliyi isə Tehranda fikir ayrılıqlarına səbəb olur. Mənbələrin bildirdiyinə görə, Xamenei fevralın sonundan — növbəti Amerika-İsrail zərbəsindən bəri görünmür. Həmin zərbə nəticəsində onun ağır yaralandığı ehtimal edilir. Qeyd olunur ki, o olmadan İran elitası ABŞ ilə dialoq zamanı hansı güzəştlərə gedilə biləcəyinə qərar verə bilmir.

“Sərt xətt” tərəfdarları sosial şəbəkələrdə Xameneiyə çağırışlar edərək ondan danışıqlar mövzusunda ən azı səsli mesaj yaymasını tələb edirlər. Onlar həmçinin parlamentin spikeri Məhəmməd Baqir Qalibafı və mülayim mövqeyə meylli hesab etdikləri digər siyasətçiləri tənqid atəşinə tuturlar.

Bununla belə, “CNN” telekanalı iddia edir ki, Xamenei hələ də İranın hərbi strategiyasının formalaşdırılmasında iştirak edir və danışıqlar aparan heyətə məsləhətlər verir. Lakin o, bunu məhdud rejimdə edir — elektron rabitə vasitələrindən istifadə etmir, həmsöhbətləri ilə ya şəxsən, ya da kuryerlər vasitəsilə əlaqə saxlayır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button