AZERFAX TV

Günəş yaxınlığında sirli asteroid kəşf edildi

Alimlər Günəşə çox yaxınlaşan asteroidin parçalanması nəticəsində yarandığı ehtimal edilən yeni meteor axını aşkar ediblər. Analizlər göstərib ki, tapılan obyektlər ekstremal istiliyin təsiri altında tədricən parçalanan və əvvəllər məlum olmayan “daş kometa bənzəri” göy cisminin bir hissəsi ola bilər.

AZERFAX.AZ xəbər verir ki, tədqiqat işi “The Astrophysical Journal” (AstroJournal) jurnalında dərc olunub.

Kəşfi Kanada, Yaponiya, Kaliforniya və Avropadakı avtomatik kameralardan əldə edilən milyonlarla meteor müşahidəsini analiz edən tədqiqatçı gerçəkləşdirib. Alim böyük məlumat bazası daxilindən ümumi mənşəyə malik 282 meteordan ibarət qrupu ayırıb. Onların orbitləri Günəşə Yerdən təxminən beş dəfə daha yaxın keçən bir obyektə işarə edib.

Meteorlar kosmik toz və ya daşın kiçik hissəcikləri Yer atmosferinə daxil olub qızdıqda meydana gəlir. Adətən bu cür fraqmentlər kometalardan qaynaqlanır; onlar Günəşə yaxınlaşdıqda tərkiblərindəki buz buxarlanır və tozu kosmosa püskürdür. Lakin asteroidlər uzun müddət bu cür proseslərin baş vermədiyi daha “sakit” cismlər hesab olunurdu.

Hazırda bəzi asteroidlərin də aktivlik nümayiş etdirə bildiyi – toz və qəlpələr püskürtdüyü məlumdur. Buna toqquşmalar, sürətli fırlanma, qazların xaric olması və ya həddindən artıq qızma səbəb ola bilər. Məsələn, Geminid meteor axınının mənbəyi olan “3200 Feton” adlı asteroid də Günəşə yaxınlaşarkən maddə itirir.

Tədqiqatçıların fikrincə, yeni axın da bənzər şəkildə formalaşa bilər. Hissəciklərin Yer atmosferinə daxil olarkən nümayiş etdirdiyi xüsusiyyətlərə əsasən, onlar tipik asteroid qəlpələrindən daha kövrək, lakin kometa maddəsindən daha davamlıdırlar. Alimlər ehtimal edirlər ki, güclü qızma asteroid səthinin çatlamasına, qazların xaric olmasına və cismin tədricən parçalanmasına yol açır.

Müəlliflər hesab edirlər ki, bu cür mexanizm təkcə Fetonun aktivliyini deyil, həm də Yer kürəsində tapılan meteoritlərin tərkibinin müxtəlifliyini izah edə bilər.

Sözügedən meteor axınına səbəb olan ana asteroid hələlik tapılmayıb. Onun axtarışına NASA-nın 2027-ci ildə buraxılması planlaşdırılan “NEO Surveyor” missiyası kömək edə bilər. Bu aparat xüsusi olaraq Günəşə yaxın hərəkət edən qaranlıq Yerəyaxın obyektlərin aşkar edilməsi üçün hazırlanır.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button