Eyni anda 3 üç güclü partlayış qeydə alındı

“Solar Orbiter” kosmik aparatı Günəşin arxa tərəfində eyni anda üç güclü X sinifli alışmanı qeydə alıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, Günəş alışmaları gücünə əsasən A, B, C, M və X siniflərinə bölünür. Hər növbəti sinif əvvəlkindən təxminən 10 dəfə daha yüksək enerji ilə xarakterizə olunur və X sinfi ən güclü kateqoriyaya aiddir.
Qeyd olunur ki, baş verən güclü partlayışlar Günəşdəki ləkə qrupunun qismən dağılmasına səbəb olub. Alimlərin ilkin proqnozlarına əsasən, həmin aktiv zona Yerə doğru yönələnədək zəifləyə bilər. Bu isə planetimiz üçün güclü maqnit qasırğalarının yaranma ehtimalını azaldır.
Ekspertlərin bir qismi hesab edir ki, zəif və orta güclü maqnit qasırğaları (G1 və G2 səviyyələri) adətən insanlar tərəfindən ciddi şəkildə hiss olunmur. Bununla belə, bəzi mütəxəssislər bu dövrlərdə sağlamlığa diqqət yetirməyi, düzgün qidalanmanı və həddindən artıq fiziki yüklənmədən qaçmağı tövsiyə edirlər.
Adəm



