AZERFAX TV

Paşinyan istefasının şərtini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyəti tələb edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bəyan edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

“Əgər 700 min nəfər – yəni seçicilərin 50 faizindən çoxu – çıxıb desə ki, ‘Nikol, qal’, o zaman Nikol qalacaq. Yox, əgər insanlar ‘Nikol, get’ desə, Nikol kimdir ki, getməsin? Nikol xalqın xidmətçisidir”, – deyə siyasətçi bildirib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Seçki kampaniyasında iştirak edəcəklərini artıq rəsmən bəyan edən tərəflər arasında Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” partiyası, eks-prezident Robert Köçəryan, sabiq ombudsman Arman Tatoyan (“Birlik Qanadları” təşəbbüsü) və iyunun 18-dən həbsdə olan iş adamı Samvel Karapetyanın ideoloji lideri hesab edildiyi “Öz yolunla” hərəkatı yer alır.

Seçkilərdə həmçinin İrəvanın keçmiş meri Ayk Marutyanın “Yeni Güc” partiyası və Levon Zurabyanın rəhbərlik edəcəyi “Erməni Milli Konqresi”nin iştirakı planlaşdırılır.

Qeyd edək ki, ölkədə sonuncu növbəti parlament seçkiləri 2017-ci ildə keçirilib, daha sonra 2018 və 2021-ci illərdə növbədənkənar seçki kampaniyaları baş tutub.

Ermənistan parlamenti birpalatalıdır və beş illik müddətə seçilən 107 deputatdan ibarətdir. Hazırda parlamentdə 69 mandatla çoxluq “Vətəndaş Müqaviləsi” partiyasına məxsusdur. Müxalifət blokları olan “Ermənistan” və “Şərəfim var” isə cəmi 34 yerə sahibdirlər.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button