Tanışlıq saytında 43 milyonluq dələduzluq

Rusiyanın Smolensk şəhərində tanışlıq saytında 56 yaşlı biznesmeni aldatmaqda təqsirləndirilən iki qadın məhkəmə qarşısına çıxarılacaq.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Bildirilib ki, ittihama görə, sözügedən şəxslər 2021-ci ildə saxta “Yuliya” profili yaradaraq biznesmenlə əlaqə qurublar. Onlar özlərini ağır maddi vəziyyətdə olan insanlar kimi təqdim edərək etibar qazanıblar və biznesmendən pul alıblar.
Daha sonra qadınlar Stavropolda torpaq alqı-satqısı adı altında saxta investisiya sxemi qurublar, özlərini hüquqşünas və məmur kimi təqdim edərək müxtəlif səslərlə danışıb zərərçəkmişi inandırıblar. Son mərhələdə isə saxta xəstəlik bəhanəsi ilə əməliyyat üçün əlavə vəsait tələb ediblər.
Nəticədə biznesmen 4 il ərzində onlara 43 milyondan çox rubl köçürüb, pulların bir hissəsini borc alıb. Vəsaitlər isə əmlak, xarici səfərlər və onlayn kazinolara xərclənib.
Qadınların əmlakına həbs qoyulub, cinayət işi məhkəməyə göndərilib.
Müəllif: Roza



