Dünya

Dirilmiş Çöl: At, Mədəniyyət və Türk qardaşlığının təntənəsi

Türk dünyasının tarixi yalnız kitab səhifələrində deyil, at nalının izlərində də yazılıb.
At bizim üçün sadəcə nəqliyyat vasitəsi olmayıb. O, azadlığın, qüdrətin, igidliyin və dövlətçilik ruhunun simvolu olub. Böyük çöllərdən Anadoluya, Altaylardan Qarabağa qədər türk övladının taleyi atın taleyi ilə birləşib.
At yarışları isə sadəcə idman deyil. Bu yarışlar əsrlərin yaddaşını yaşadan, ata-babalarımızın həyat tərzini gələcək nəsillərə daşıyan mədəni irsdir. Hər çaparaq gedən atın nəfəsində qədim bozqırların ruhu, hər finiş xəttində isə türk xalqının sarsılmaz iradəsi duyulur.
Türk dünyasının köklü mədəniyyətində at yalnız bir nəqliyyat vasitəsi deyil, azadlığın, gücün, igidliyin və dövlətçilik ruhunun simvolu kimi çıxış edir. Qədim dövrlərdən bu günə qədər at yarışları və atçılıq ənənəsi türk xalqlarının həyatında mühüm yer tutub. Bu ənənə yalnız idman deyil, həm də tarixə, mədəniyyətə və milli kimliyə bağlılığın ifadəsidir.


Bu baxımdan Qazaxıstanın məşhur iş xanımı Mayra Kurmanqaliyevanın təşkilatçılığı ilə iyunun 20-də keçirilmiş və tanınmış el ağsaqqalı Saudabay Nurqali oğlunun 100 illiyinə həsr olunmuş at yarışları böyük coşqu ilə, əsl el bayramı kimi keçirildi.
Həm də xeyriyyəçi xanım kimi tanınan Mayra Kurmanqaliyeva birinci dəfə deyil ki, belə əhəmiyyətli tədbirlər və idman yarışları keçirir. Bu onun fəaliyyətində artıq ənənə halını alıb. Təsadüfi deyil ki, qazax xalqı belə yarışları həm də gəncləri pis vərdişlərdən uzaq saxlamaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədi daşıyan tədbirlər kimi qiymətləndirir. Bu səbəbdən iyunun 20-də keçirilən yarışlara böyük insan kütləsi maraq göstərmişdi. Əsl qələbəlik və coşqu ilə müşayiət olunan tədbirdə insanların gözündəki sevinc və qürur hissi aydın sezilirdi.
Baxmayaraq ki, yarışlar şəhərdən – Almatıdan xeyli kənarda, ucqar dağ ərazisində keçirilirdi, tədbirdə yerli sakinlərlə yanaşı, xaricdən gələnlər də iştirak edirdi. Ərazidə çox sayda milli ornamentlərlə bəzədilmiş çadırlar (yurtalar) qurulmuşdu, bir tərəfdə isə milli xörəklər hazırlanırdı. Milli geyimdə olan gənclər qonaqlara diqqət göstərir, onlara yüksək hörmət və ehtiram nümayiş etdirirdilər.

Yarışlar bir neçə qrup üzrə təşkil olunmuşdu. Bundan başqa ərazidə güləş yarışları da keçirildi. Müxtəlif çəki dərəcələrində təşkil olunan güləş yarışları Qazaxıstanda böyük maraqla qarşılanır, çünki güləş də milli idman növlərindən hesab olunur.
Onu da qeyd edək ki, Qazaxıstanlı tanınmış estrada müğənnilərinin ifası tədbirə əlavə rəng qatırdı. İnsanların musiqi sədaları altında rəqs etməsi isə bu idman və mədəniyyət bayramının necə böyük coşqu ilə qarşılandığını göstərirdi.
Yarışların sonunda qaliblərə son model avtomobillər, müxtəlif pul mükafatları və sertifikatlar təqdim olundu. Bundan başqa, tədbirdə iştirak edən tanınmış alimlərə və ağsaqqallara müxtəlif qiymətli hədiyyələr verildi. Mükafatları qaliblərə Mayra Kurmanqaliyeva və onun oğlu, Qazaxıstanın gənc intellektuallarından olan Xanbolat Nazarbayev təqdim etdi.

Related Articles

Bir cavab yazın

Back to top button