Dünya

Neft tankerləri üçün yeni yol açıldı

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Oman hökumətinin yaratdığı müvəqqəti təhlükəsiz marşrut vasitəsilə Hörmüz boğazında kommersiya gəmilərinin hərəkəti yenidən aktivləşib.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, iyunun 23-də elan edilən yeni dəhlizdən istifadə edən onlarla yük və neft tankeri artıq Fars körfəzi ilə Hörmüz boğazı arasında hərəkət edir.

Məlumata görə, Oman beynəlxalq gəmiçilik dəhlizinin cənubunda, öz sahilləri boyunca alternativ marşrutun istifadəsinə icazə verib. Bu qərar boğazın mərkəzi hissəsində yerləşən və mina təhlükəsi olduğu ehtimal edilən ənənəvi marşrutla bağlı risklərin artmasından sonra qəbul edilib.

Digər alternativ marşrut isə beynəlxalq gəmiçilik yolunun şimalında, İran sahillərinə yaxın ərazidən keçir. Həmin istiqamətdə hərəkət edən gəmilərin İran hakimiyyəti ilə koordinasiya şəraitində fəaliyyət göstərdiyi bildirilir.

“CBS News”un məlumatına əsasən, iyunun 24-də Oman sahilləri yaxınlığında avtomatik identifikasiya sistemi (AIS) aktiv olan azı 24 gəmi hərəkət edib. Daha 15 gəmi isə şimal marşrutu ilə keçid həyata keçirib.

IMO daha əvvəl Fars körfəzində çətin vəziyyətdə qalan 11 min dənizçinin təxliyəsinə başlandığını açıqlamışdı. Təşkilatın hesablamalarına görə, bölgədə olan təxminən 600 gəminin ekipajlarının tam təxliyəsi bir neçə həftə çəkə bilər.

Financial Times qəzeti Avropa Kosmik Agentliyinin peyk məlumatlarına istinadən bildirib ki, Hörmüz boğazı yaxınlığında keçid növbəsini gözləyən 440-dan çox iri neft tankeri toplanıb.

ABŞ-ın energetika naziri Kris Rayt isə sosial şəbəkədə paylaşım edərək son 24 saat ərzində Hörmüz boğazından ümumilikdə 72 gəminin keçdiyini və onların təxminən 20 milyon barel neft daşıdığını qeyd edib.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin ən strateji marşrutlarından biri hesab olunur və burada yaranan hər hansı gərginlik qlobal enerji bazarlarına birbaşa təsir göstərir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button