“Deepfake” texnologiyalarının yaratdığı risklər: Mübarizə necə aparılmalıdır?

Texnologiyanın davamlı inkişafı insan həyatını asanlaşdıran yeni imkanlar yaratmaqla bərabər, bir sıra ciddi təhlükələr üçün də əlverişli zəmin formalaşdırıb. Son illərdə süni intellektin bütün fəaliyyət sferalarında geniş tətbiqi ilə bir zamanlar təsəvvürə belə gəlməyən yeniliklər bir-birini əvəz etməkdədir. Artıq bu texnologiyalara əsaslanan proqramlar sayəsində insanların səsinin təqlid edilməsi, görüntülərinin dəyişdirilməsi və gerçəkdən seçilməyən saxta videoların hazırlanması çox asanlaşıb.
Həmin texnologiyalar sırasında təhlükəlilik dərəcəsi ilə xüsusi seçilənlərdən biri də “deepfake” adlanan rəqəmsal manipulyasiya üsuludur. Bu sistem ilk baxışda mütərəqqi texnoloji yenilik kimi görünsə də, əslində, informasiya təhlükəsizliyi və ictimai etimad baxımından çox böyük risk potensialına malikdir.
“Deepfake” texnologiyası süni intellekt vasitəsilə insanın səsini, mimikasını və görüntüsünü dəyişdirərək gerçək olmayan, amma real təsir bağışlayan video və audio materialların hazırlanmasına imkan verir. Haqqında danışılan materialların bəzən kifayət qədər inandırıcı görünməsi adi istifadəçilərin onların saxta olduğunu müəyyənləşdirməsini çətinləşdirir. Məhz bu məqam “deepfake” texnologiyasını müasir dövrün ən ciddi informasiya təhlükələrindən birinə çevirir.
Yaxın keçmişə nəzər saldıqda, saxta görüntüləri müəyyən etməyin daha asan olduğunu söyləmək olar. Qurama görüntülərin aydın seçilən montaj izləri, təsvirin keyfiyyəti və texniki uyğunsuzluqlar diqqətli izləyicinin nəzərindən qaçmırdı. Günümüzdə isə süni intellekt texnologiyaları elə səviyyəyə çatıb ki, insan izlədiyi videomaterialın saxta, yoxsa real olduğuna qərar verə bilmir. Bu isə cəmiyyət üçün yeni psixoloji vəziyyət yaradır, fərdlərin informasiyaya olan etimadı zəifləməyə başlayır.
“Deepfake” texnologiyalarının yaratdığı ən böyük risklərdən biri dezinformasiyanın daha təhlükəli forma və miqyas almasıdır.
Yenə də bir neçə ilə əvvələ yönəlsək, o vaxtlar saxta xəbərlərin əsasən hər hansı mətn və ya foto üzərindən yayıldığını xatırlayarıq. Hazırda isə vəziyyət xeyli dəyişib – texnologiyanın müdaxiləsi ilə insanların heç vaxt demədikləri sözləri “demiş” kimi göstərilmələrində problem qalmayıb. Nəticədə bu və ya digər siyasətçinin, yaxud cəmiyyətdə müəyyən nüfuzu olan bir şəxsin saxta videosunun yayılması saatlar ərzində ciddi ictimai rezonans doğura bilər. Xüsusilə seçki dövrlərində və siyasi böhran şəraitində belə manipulyasiyaların cəmiyyətə təsiri əhəmiyyətli dərəcədə artır.
Müasir informasiya müharibələrində “deepfake” texnologiyası artıq ayrıca təhlükə kimi qiymətləndirilir. Çünki burada məqsəd sadəcə yalan informasiya yaymaq deyil, həm də insanların həqiqətə olan inamını sarsıtmaqdır.
“Deepfake” texnologiyalarının yaratadığı risklər yalnız siyasi müstəvi ilə məhdudlaşmır. Bu problem həm də şəxsi təhlükəsizlik və insan hüquqları baxımından da ciddi aktuallığa malikdir. Çünki bəzi hallarda insanların görüntüləri icazə alınmadan manipulyasiya olunur, onların əsasında saxta videolar hazırlanır, daha sonra o bu materiallar şantaj, qarayaxma və psixoloji təzyiq vasitəsinə çevrilir.
Bunlardan başqa, maliyyə sahəsində də “deepfake” texnologiyalarından sui-istifadə hallarının artdığı müşahidə olunur. Süni intellekt vasitəsilə hazırlanmış saxta səs yazıları ilə insanların aldadılması və dərin maliyyə fırıldaqlarının həyata keçirilməsi kifayət qədər adiləşib. Hətta şirkət rəhbərinin səsinin təqlid edilərək əməkdaşlara saxta tapşırıqların verildiyi, nəticədə ciddi maliyyə zərərlərinin qeydə alındığına dair məlumatlara da rast gəlinir.
(https://www.theguardian.com/technology/article/202…)
(https://www.securitytoday.de/en/2026/04/04/deepfak…)
Burada əsas problemlərdən birinin texnologiyanın inkişaf sürəti ilə təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi arasındakı fərqin olduğunu vurğulamaq lazım gəlir. Bəli, cəmiyyət və hüquqi sistem süni intellektin sürətli inkişafı ilə ayaqlaşmaqda çətinlik çəkir. “Deepfake” texnologiyalarına qarşı hüquqi mexanizmlərin hələ tam formalaşmaması rəqəmsal manipulyasiyaların qarşısını almağı mürəkkəbləşdirir.
Göründüyü kimi, müasir dövrdə informasiya təhlükəsizliyi artıq yalnız məlumatı yox, eləcə də gerçəkliyi qorumaq məsələsidir. Çünki insanın gördüyünə belə şübhə etdiyi bir dövrdə həqiqəti üzə çıxarıb müdafiə etməsinin önəmi daha çox olur. “Deepfake” texnologiyalarının yaratdığı əsas təhlükə də məhz insanın reallıq hissini zəiflətmək potensialını özündə daşımasıdır.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrətin fikrincə, “deepfake” texnologiyalarının imkanlarından əsasən cəmiyyətə zərər vurmaq məqsədilə istifadə edilir:

Fotoda: Əməkdar jurnalist Azər Həsrət
“Deepfake” texnologiyalarının yaratdığı risklərdən danışarkən vurğulanmalı olan əsas məqamlardan biri bu üsulla hazırlanan saxta xəbərlərin, görüntülərin və digər materialların böyük peşəkarlıqla hazırlanmasıdır. Hətta yüksək səviyyəli mütəxəssislər belə bir çox hallarda həmin saxta materialları real informasiyadan ayırd etməkdə çətinlik çəkirlər. Bu halda sıravi oxucu auditoriyasının, xüsusilə media ilə işləmək təcrübəsi olmayan, məlumatları təhlil etməkdə çətinlik çəkən insanların saxta xəbərlərin təsiri altına düşməsini təsəvvür etmək çətin deyil.
Faktiki olaraq “deepfake” texnologiyası vasitəsilə hazırlanan materiallar insanları yanıltmaq, daha geniş mənada isə cəmiyyətdə əsəbilik və aqressiya yaratmaq imkanına malikdir. Bütün bunları nəzərə aldıqda demək olar ki, feyk texnologiyalarının imkanları adının ifadə etdiyi məna qədər dərindir. Təəssüf ki, bu imkanlardan bir çox hallarda məhz cəmiyyətə zərər vurmaq məqsədilə istifadə olunur. Bəzi ölkələrdə belə saxta informasiya kampaniyaları ictimai təlatümlərə, hətta hakimiyyət dəyişikliklərinə qədər gedib çıxan proseslərə təsir göstərib. Bu baxımdan etiraf etməliyik ki, feyk texnologiyalarının saxta xəbərlər vasitəsilə cəmiyyəti yönləndirmək imkanları kifayət qədər genişdir”.
Onun sözlərinə görə, feyk texnologiyalarına qarşı mübarizənin effektivliyi üçün istifadə olunan metodların daim təkmilləşdirilməsi vacibdir:
“Əlbəttə, feyk texnologiyalarına qarşı mübarizə aparmaq mümkündür. Sadəcə problem ondadır ki, bu sahədə yeni mübarizə üsulları tapıldıqca, onlara qarşı alternativ manipulyasiya metodları da meydana çıxır. Nəticədə feyk texnologiyalarına qarşı mübarizənin effektivliyi müəyyən qədər zəifləyir. Bu səbəbdən də maarifləndirici tədbirlərin əhəmiyyətini hər zaman xüsusi vurğulamışıq. Belə tədbirlərlə yanaşı, insanların özlərinin də diqqətli olmaları vacibdir.
Daha konkret desək, vətəndaşların informasiya istehlakçısı kimi qarşılaşdıqları məlumatlara müəyyən qədər skeptik yanaşmaları faydalıdır. Çünki hər hansı resursda oxuduğumuz məlumatı kor-koranə şəkildə qəbul etmək doğru deyil. İnformasiyaya tənqidi yanaşmaq onun həqiqi, yoxsa saxta olduğunu müəyyənləşdirməyə kömək edir. Bütün hallarda feyk texnologiyalarına qarşı mübarizənin aparılması və bu sahədə metodların daim təkmilləşdirilməsi vacibdir”.
Ekspert qeyd edib ki, bu istiqamətdə dövlətlə yanaşı, peşəkar medianın, jurnalistlərin və ictimai nüfuza malik ziyalıların da üzərinə ciddi vəzifələr düşür:
“Bu vəzifələrə məsuliyyətlə yanaşmağın və onların həlli istiqamətində davamlı səylər göstərməyin əsas məqsədi insanların saxta xəbərlərin qurbanına çevrilməsinin qarşısını almaqdır. Yuxarıda da qeyd olunduğu kimi, həqiqətlə heç bir əlaqəsi olmayan yalan məlumatların yayılması cəmiyyətdə çalxalanma riskini artırır və ölkə üçün təhlükəli nəticələr doğura bilir. Buna görə də saxta xəbərlərlə mübarizənin effektivliyi geniş mənada həm cəmiyyətin, həm də ayrı-ayrı fərdlərin ayıq-sayıqlığından asılıdır”.
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Dezinformasiya ilə mübarizənin təşviqi” layihəsi çərçivəsində hazırlanıb.

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


