Tanınmış idmançı azadlıqdan məhrum edildi

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) 8 il 2 ay müddətə azadlıqdan məhrum etmə, onun tanışı tanınmış idmançı Elman Mirzəyevə isə 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı Səbuhi Rəcəbin 10 il 6 ay, Elman Mirzəyevin isə 8 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İstintaq materiallarında onların etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməkdə şübhəli biliniblər.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rəcəb külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sonradan Səbuhi Rəcəb və Elman Mirzəyevin barəsində istintaq prosesində birgə epizodlarının və eyni zərərçəkmişlərin üzə çıxması ilə bağlı cinayət işi birləşdirilib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Açılan cinayət işi əsasında eyni icraatda Bakı Ağır Cinayətlər Məhkəməsində yeni məhkəmə prosesi keçirilib.
Onu da qeyd edək ki E.Mirzəyev Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustasıdır.
S.Rəcəb isə əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.
2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsini tutub.
O, 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


