Ölkə

ABŞ-Türkiyə münasibətlərində yeni strateji mərhələ başlayır

NATO-nun Türkiyədə keçirilən zirvə toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüş Vaşinqton-Ankara münasibətlərində yeni mərhələnin əsasını qoya bilər.

AZERFAX.AZ xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə açıqlamasında deyib.

Onun sözlərinə görə, tərəflər arasında ABŞ-ın Türkiyəyə tətbiq etdiyi bəzi sanksiyaların aradan qaldırılması, CAATSA məhdudiyyətlərinin yumşaldılması, Ankaranın F-35 proqramına mümkün qayıdışı və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalar hərbi-strateji tərəfdaşlığın dərinləşdiyini göstərir.

Politoloq hesab edir ki, Vaşinqton Yaxın Şərq siyasətində Türkiyəyə əvvəlkindən daha böyük əhəmiyyət verməyə başlayıb və Ankaranı regionun əsas strateji tərəfdaşlarından biri kimi görür.

M.Əsədullazadənin fikrincə, İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyənin F-35 proqramına qayıdışına və regiondakı rolunun genişlənməsinə etiraz etməsinə baxmayaraq, ABŞ administrasiyası bu məsələdə İsrailin mövqeyini tam şəkildə bölüşməyə bilər.

Politoloq vurğulayıb ki, yeni geosiyasi reallıq fonunda ABŞ-Türkiyə münasibətləri daha strateji xarakter alacaq. Onun qənaətincə, tərəflər Yaxın Şərqin təhlükəsizliyi, enerji və nəqliyyat layihələri, eləcə də regional sabitliyin qorunması istiqamətində əməkdaşlığı genişləndirəcəklər.

Ekspert əlavə edib ki, bu əməkdaşlıq Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz hövzəsində də özünü göstərəcək. Onun sözlərinə görə, belə bir inkişaf Rusiyanın regiondakı təsir imkanlarının zəifləməsinə, Türkiyənin isə geosiyasi çəkisinin daha da artmasına səbəb ola bilər.

M.Əsədullazadə hesab edir ki, formalaşan yeni vəziyyət Azərbaycanın milli maraqlarına da cavab verir. O bildirib ki, xüsusilə enerji və nəqliyyat layihələri, o cümlədən Zəngəzur dəhlizi, eləcə də digər regional təşəbbüslər baxımından ABŞ-Türkiyə-Azərbaycan əməkdaşlığının yeni mərhələyə yüksəlməsi üçün əlavə imkanlar yaranır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button