Azərbaycanda bank sektorunda ən geniş yayılan fırıldaqçılıq növləri açıqlandı

Azərbaycanda bank sektorunda ən geniş yayılmış fırıldaqçılıq növləri əsasən üç kateqoriyaya bölünür.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cuvarov jurnalistlər üçün təşkil olunan “Maliyyə sektorunda kibertəhlükəsizlik çağırışları” mövzusunda təlimdə deyib.
O bildirib ki, birinci kateqoriya avtorizə edilməmiş əməliyyatlardır: “Burada müştərinin əməliyyatdan xəbəri olmur. Manipulyasiya ilə həyata keçirilmiş əməliyyatlar zamanı müştəri aldadılır və nəticədə əməliyyatı özü təsdiqləyir. İcazəli və ya üçüncü şəxs tərəfindən həyata keçirilmiş əməliyyatlar zamanı isə müştəri fırıldaqçılıq sxeminin bir hissəsinə çevrilir.
Avtorizə edilməmiş əməliyyatlara qurğuya uzaqdan nəzarətin əldə olunması, onlayn bank hesabının ələ keçirilməsi, kart və mobil tətbiqə giriş məlumatlarının oğurlanması, itirilmiş və ya oğurlanmış kartlardan istifadə, saxta surəti çıxarılmış (skimming) kartlar, müştəriyə çatdırılmamış kartlardan istifadə və BIN hücumları daxildir.
Manipulyasiya yolu ilə həyata keçirilən fırıldaqçılıqlara investisiya, tanışlıq, bank və ya polis əməkdaşı adı ilə şəxslərin təqlidi, valideyn və ya qohum adından edilən dələduzluqlar, kirayə, xeyriyyə və işə düzəltmə adı altında həyata keçirilən sxemlər aid edilir. Üçüncü şəxsin iştirakı ilə baş verən hallara isə pul daşıyıcı (mule account) hesablarından istifadə, mübahisə (chargeback) mexanizmindən sui-istifadə, eləcə də keşbek, kampaniyalar və digər sistem boşluqlarından yararlanma daxildir”.
E.Cuvarov son dövrdə Azərbaycanda geniş yayılan fırıldaqçılıq tendensiyalarına da diqqət çəkib: “Ən çox rast gəlinən hallardan biri “phishing” (ucuz telefon satışı) və digər saxta elanlar vasitəsilə vətəndaşların kart məlumatlarının ələ keçirilməsidir. Bundan başqa, dələduzların özlərini bank, Daxili İşlər Nazirliyi və ya digər qurumların əməkdaşı kimi təqdim edərək balans məlumatlarını, FIN kodu və OTP şifrəsini əldə etməyə çalışdıqları, daha sonra isə bankın mobil tətbiqinə daxil olduqları halları misal çəkmək olar. Saxta bank olmayan kredit təşkilatlarının (BOKT) internet səhifələri vasitəsilə aşağı faizli kredit vədi ilə vətəndaşların kredit hesablarından vəsaitlərin mənimsənilməsinə də geniş rast gəlinir. Xüsusilə son zamanlarda “WhatsApp” və “Telegram” hesablarının ələ keçirilərək istifadəçinin adından əlaqələr siyahısındakı şəxslərdən borc pul istənilməsi hallarını müşahidə edirik. Eləcə də yaxın qohumun guya qəza keçirməsi bəhanəsi ilə zəng edilərək vətəndaşlardan pul tələb olunması da hazırda geniş yayılan dələduzluq üsulları sırasındadır”.



