ABŞ İranla müharibəyə nə qədər pul xərcləyib?

ABŞ-ın İrana qarşı münaqişəyə çəkdiyi xərclər 37,5 milyard dollar təşkil edir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset Senatdakı dinləmələrdə bildirib.
“Bu gün malik olduğumuz cari qiymətləndirmə 37,5 milyard dollardır”, – deyə nazir bildirib.
İyulun 21-də “The Washington Post” qəzeti amerikalı rəsmilərə istinadla məlumat verib ki, Pentaqon İrana qarşı müharibə səbəbindən kəskin büdcə kəsiri ilə üzləşib və bəzi mühüm xərc maddələri yaxın həftələrdə maliyyələşdirməsiz qala bilər.
Qeyd olunur ki, 2026-cı il üçün Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin cari əməliyyatlarını əhatə edən büdcənin bir hissəsi iyulun sonuna qədər tükənə bilər. Oktyabrın 1-dək dözmək üçün Pentaqon döyüş hazırlığını qorumaq üçün lazım olan təlimləri ləğv etməklə və avadanlıq, məşq və texniki xidmət xərclərini ixtisar etməklə vəsaitləri artıq yenidən bölüşdürür. Bu fonda Ağ Ev Konqresdən hərbi xərcləri ödəmək üçün 67 milyard dollar istəyib.
İyunun sonunda Ağ Evin büdcə idarəsinin direktoru Rassell Vout İrana qarşı müharibənin xərclərini 30 milyard dollar qiymətləndirmişdi, lakin müstəqil analitiklər hesab edirlər ki, real məbləğ daha yüksəkdir. Üstəlik, onun qiymətləndirilməsinə iranlıların zərbələri nəticəsində zərər çəkmiş Yaxın Şərqdəki Amerika bazalarının bərpası xərcləri daxil deyil.
Hüseyn İbadlı



