Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış etdi

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 22-də İndoneziya Respublikası Nümayəndələr Palatasının təşkilatçılığı ilə keçirilən “Mürəkkəb qlobal çağırışların həllində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mərkəzi mövqeyinin gücləndirilməsində parlamentin rolu” mövzusunda ASEAN Parlamentlərarası Assambleyası (ASEAN PA) qrupunun 17-ci iclasında iştirak edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Tədbirə onlayn formatda qatılan spiker Sahibə Qafarova qeyd edib ki, müasir dünyada dövlətlər bir-biri ilə sıx şəkildə əlaqəlidir və heç bir dövlət qlobal çağırışları təkbaşına həll etməyə qadir deyil. Onun sözlərinə görə, sülh və təhlükəsizliyin təmin olunması, dayanıqlı inkişaf, iqlim fəaliyyəti, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrdə irəliləyiş yalnız birgə səylər nəticəsində mümkündür. Bu baxımdan, spiker vurğulayıb ki, beynəlxalq hüquqa, bərabərhüquqlu dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan səmərəli çoxtərəfli əməkdaşlıq bu gün hər zamankından daha böyük əhəmiyyət kəsb edir.
Çıxışında regional təşkilatların beynəlxalq əməkdaşlığın mühüm dayaqlarından biri olduğunu qeyd edən Sahibə Qafarova bildirib ki, bu təşkilatlar dövlətlər arasında dialoqun inkişafına, etimadın möhkəmlənməsinə və praktik əməkdaşlığın təşviqinə xidmət edir. O vurğulayıb ki, bu mənada, ASEAN regional sülhə, sabitliyə və rifaha mühüm töhfə verməkdə davam edir və təşkilatın mərkəzi rolu regional əməkdaşlığın gücləndirilməsi, eləcə də ümumi çağırışlara effektiv cavab verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Spiker qeyd edib ki, qurumun Parlamentlərarası Assambleyası ASEAN üzv dövlətlərinin parlamentlərini bir araya gətirməklə bu səyləri tamamlayır və beləliklə də ASEAN-ın strateji prioritetlərini dəstəkləyərək regional əməkdaşlığın parlament ölçüsünü gücləndirir.
Azərbaycanın ASEAN PA-da müşahidəçi parlament kimi təşkilatla əməkdaşlığa böyük önəm verdiyini bildirən Milli Məclisin sədri Sahibə Qafarova, ölkəmizin ASEAN üzv dövlətləri ilə dialoqu daha da genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ASEAN PA ilə daha sıx əməkdaşlıq parlament diplomatiyasının inkişafına, təcrübə və qabaqcıl yanaşmaların mübadiləsinə töhfə verəcək.
Parlament diplomatiyasının etimadın möhkəmləndirilməsi, dialoqun təşviqi və ümumi çağırışların sülh yolu ilə həllinin dəstəklənməsi baxımından mühüm vasitə olduğunu deyən Milli Məclisin sədri bildirib ki, parlamentlər qanunvericilik fəaliyyəti, beynəlxalq müqavilələrin ratifikasiyası və parlament nəzarəti vasitəsilə, qaydalara əsaslanan dünya nizamını möhkəmləndirir, beynəlxalq hüquqa hörmətin təşviqinə və qlobal çağırışlara effektiv çoxtərəfli cavabların formalaşdırılmasına töhfə verirlər.
Spiker vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan effektiv çoxtərəfli əməkdaşlığa sadiqdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini bu yanaşmanın bariz nümunəsi kimi göstərən parlamentin spikeri bildirib ki, Şəbəkə parlamentlərarası dialoq, təcrübə mübadiləsi və qlobal çağırışların həlli istiqamətində əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.
Parlamentlərarası əməkdaşlığın qlobal və regional səylər əsasında daha səmərəli olduğunu qeyd edən Sahibə Qafarova, ASEAN PA-nın regional və beynəlxalq parlament təşkilatları ilə sıx əməkdaşlığına da toxunub. O vurğulayıb ki, bu əməkdaşlıq parlament diplomatiyasını gücləndirməklə yanaşı regional baxışların qlobal səviyyədə irəli sürülməsinə töhfə verir.
ASEAN PA ilə Parlamentlərarası İttifaq (PAİ) arasında əməkdaşlıq barədə danışan Milli Məclisin sədri bildirib ki, təşkilat PAİ-də daimi müşahidəçi statusuna malik olmaqla qlobal parlament birliyinin fəaliyyətinə töhfə verir və ASEAN regionu ilə dünyanın müxtəlif ölkələrinin parlamentləri arasında dialoqun inkişafını dəstəkləyir. Onun sözlərinə görə, bu sıx əməkdaşlıq regional parlament təşkilatlarının çoxtərəfli sistem daxilində artan rolunu göstərir və həmçinin birgə fəaliyyətin əhəmiyyətini nümayiş etdirir.
Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, parlament diplomatiyası xalqlar və dövlətlər arasında körpülər qurur, etimadı möhkəmləndirir və çoxtərəfli əməkdaşlığı təşviq edir. O bildirib ki, bu dəyərlər ASEAN PA-nın da fəaliyyətinin rəhbər prinsipləridir və ASEAN-ın mərkəzi rolunun gücləndirilməsi, eləcə də müasir qlobal çağırışlara cavab verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Beləliklə, vurğulanıb ki, parlament diplomatiyasının və çoxtərəfli əməkdaşlığın birgə səylərlə gücləndirilməsi yolu ilə beynəlxalq hüququn aliliyini təşviq etmək və bununla da heç bir ölkənin diqqətdən kənarda qalmamasını təmin etmək mümkündür.



