ABŞ İranın bu şirkətlərinə yeni sanksiyalar tətbiq etdi


ABŞ Maliyyə Nazirliyi İranın “Mahan Air” aviaşirkəti ilə əlaqəli olduğu bildirilən beş şirkətə və bir Çin vətəndaşına qarşı sanksiya tətbiq edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı açıqlamada bildirilib.
Məlumata görə, sanksiyalar Rusiyanın “Air Cargo Pro” nəqliyyat şirkətinə, həmçinin İran, Çin və Hindistanda fəaliyyət göstərən daha dörd hüquqi şəxsə şamil olunub.
Bundan başqa, ABŞ hakimiyyəti Çin vətəndaşını da sanksiya siyahısına əlavə edib.
OFAC-ın məlumatına əsasən, siyahıya daxil edilən şirkət və şəxs ABŞ tərəfindən daha əvvəl sanksiyaya məruz qalmış “Mahan Air” ilə əməkdaşlıqda və ya onunla əlaqəli fəaliyyətlərdə iştirak edib.
Sanksiyalar çərçivəsində ABŞ yurisdiksiyasına düşən aktivlər bloklanır. Eyni zamanda, ABŞ vətəndaşlarına və şirkətlərinə sanksiya tətbiq edilən şəxslərlə biznes əlaqələri qurmaq qadağan olunur.



