“Azərbaycan tamaşaçısı kinoya qayıtmalıdır” – ARKA-nın baş direktoru


“Tamaşaçının marağından çox şey asılıdır. Biz yenidən Azərbaycan tamaşaçısının kinoya getmək mədəniyyətini bərpa etməliyik. Bu halda həm yerli bazar inkişaf edəcək, həm də Azərbaycan kinosu regional bazara çıxış imkanlarını genişləndirəcək”.
AZERFAX.AZ xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov jurnalistlərə açıqlamasındağ deyib. R. Əzizov Azərbaycan kinosunun inkişafı üçün yalnız film istehsalının artırılmasının kifayət etmədiyini, eyni zamanda ətrafında dayanıqlı kino sənayesinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, xarici layihələrin Azərbaycana cəlb olunması istiqamətində müsbət dinamika müşahidə olunur. Baş direktor bu tendensiyanın davam etdirilməsi üçün kino sahəsində fəaliyyət göstərən tərəflərin bir araya gəlməsinin vacibliyini qeyd edib:
“Layihələr də Azərbaycana gəlir. Biz ümid edirik ki, bu dinamika davam edəcək. Bunun üçün birlik, hamının bir araya gəlməsi və kinonun istehsalatına cəlb olunması əsas vəzifələrimizdəndir”, – deyə R. Əzizov bildirib.
Baş direktor qeyd edib ki, Azərbaycan kinosunun gəlir gətirən sahəyə çevrilməsi mümkündür. Lakin bunun üçün yalnız uğurlu filmlərin çəkilməsi deyil, onların istehsalı, yayımı və tamaşaçıya çatdırılmasını əhatə edən bütöv kino sənayesinin qurulması tələb olunur:
“Bəzi yerli filmlər kommersiya baxımından uğur qazansa da, bütün layihələr gözlənilən nəticəni vermir. Bu baxımdan tamaşaçı marağının artırılması və yerli kino bazarının genişləndirilməsi əsas məsələlərdən biridir.
Azərbaycan kinosunun hədəfi yalnız ölkə daxilindəki təxminən 10 milyonluq auditoriya ilə məhdudlaşmır. Qarşıdakı əsas istiqamətlərdən biri təxminən 200 milyonluq türkdilli ölkələr bazarına çıxış imkanlarının genişləndirilməsidir”.



