Küçədəki hər kəsi izləyəcəklər? – Yeni sistem müzakirə yaratdı

Meta-nın ağıllı eynəklərinə üz tanıma sisteminin inteqrasiyası ilə bağlı patent müraciəti şirkətin şəxsi məlumatların qorunması ilə bağlı yeni müzakirələrə səbəb olub.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ Patent və Əmtəə Nişanları İdarəsinə təqdim edilən 44 səhifəlik sənədə əsasən, süni intellekt biometrik məlumatları emal edərək eynək istifadəçisinin ətrafındakı şəxsləri müəyyən edə bilər.
Sistemin əldə etdiyi məlumatları istifadəçinin yerləşmə məlumatları və rəqəmsal fəaliyyətləri ilə birləşdirərək avtomatik videolar hazırlaya biləcəyi bildirilir. Texnologiyanın Meta-nın digər xidmətləri ilə də inteqrasiya olunması nəzərdə tutulur.

Məlumatlara görə, sənəd fevral ayında təqdim edilib və yaxın vaxtlarda ictimaiyyətə sızıb. Meta hələ məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Mütəxəssislər isə texnologiyanın sui-istifadə edilə biləcəyindən narahatdırlar. Demokratiya və Texnologiya Mərkəzinin nümayəndəsi Ariana Aboulafia bu cür sistemlərin insanların məxfiliyinə və təhlükəsizliyinə ciddi risk yarada biləcəyini bildirib.
Qeyd edək ki, Meta daha əvvəl də üz tanıma və digər müşahidə texnologiyaları ilə bağlı mübahisələrin mərkəzində olub.



