Bu ilin ilk yarısında Azərbaycan üzərindən 16 milyon 651 ton yük danışıb

Bu ilin ilk yarısında nəqliyyat dəhlizləri vasitəsi ilə Azərbaycan üzərindən 16 milyon 651 ton yük danışıb.
AZERFAX.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin müddətdə daşınan yüklərin 7 milyon 587 min tonu dəmir yolu, 3 milyon 365 min tonu dəniz, 5 milyon 699 min tonu isə avtomobil nəqliyyatının payına düşüb.
“Nəqliyyat dəhlizlərinə gəldikdə isə, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 261,8 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2623,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4559,3 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 9207,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4595,0 min ton olub. İlin ilk yarısında Azərbaycan üzərindən daşınan yüklərin həcmində 3 faiz artım qeydə alınıb.
Region üçün vacib nəqliyyat istiqamətlərindən olan Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsi ilə daşınan yüklərin həcmi isə 10 faiz artıb. Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsi Azərbaycan üzərindən daşınan yüklərin həcmindəki artım dövlət gəlirlərimizi çoxaltmaqla yanaşı, ölkəmizin geo-iqtisadi mövqeyini daha da gücləndirib.
Zəngəzur dəhlizinin və eləcə də TRİPP-in istifadəyə verilməsindən sonra isə Azərbaycan üzərindən daşınan yüklərinin həcmində daha yüksək artımlar gözlənilir. Yeni düzən kontekstində, beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı, qeyri neft-qaz sektorunda aparıcı istiqamətlərdən birinə çevrilməkdədir”, – deputat bildirib.



