Buss ailəsi tarixin ən bahalı klub satışını əngəlləməyə çalışır

“Los Anceles Leykers”in qubernatoru Jini Buss ailəsinin NBA klubunda qalan payının satılmasının qarşısını almaq üçün bacı-qardaşlarına qarşı mübarizə aparır.
AZERFAX.AZ xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coş Kuşner və “Disney” şirkətinin keçmiş baş icraçı direktoru Bob Ayger ötən həftə NBA-nın ən məşhur komandalarından biri olan “Leykers”də nəzarət səhm paketini Mark Valterdən 12,5 milyard dollara almaq barədə razılığa gəliblər.
Valter ötən il Buss ailəsindən klubdakı payı təxminən 10 milyard dollara satın almışdı. Həmin razılaşma Jini Bussun 2030-cu ilə qədər klubun qubernatoru vəzifəsində qalmasını təmin etmişdi.
1979-cu ildən “Leykers”in əsas və ya azlıq səhmdarlarından olan Buss ailəsi bazar ertəsi qalan 17,8 faizlik paylarını yeni sahiblərə satmaq qərarına gəldiklərini açıqlayıb.
“Ailə olaraq qalan “Buss Family Trust” səhmlərini davam edən əməliyyat çərçivəsində Bob Ayger qrupuna satmaq qərarına gəlmişik. Biz “Leykers”i və “Leykers” azarkeşlərini sevirik və Los-Ancelesi dəstəkləməyə davam edəcəyik. Lakin hələ imkanımız olduğu halda bu fürsətdən istifadə edərək yolumuza davam etməyin və ləyaqətlə ayrılmağın vaxtıdır”, deyə ailənin açıqlamasında bildirilib.
Lakin Jini Bussun vəkili onun bacı-qardaşlarının satış planına qarşı çıxacağını açıqlayıb.
Buss ailəsinin fondu Cerri Bussun altı övladından ibarətdir. Atasının 2013-cü ildə ölümündən sonra Jini “Leykers”in qubernatoru vəzifəsini tutub.
Jini Bussun vəkili Adam Streysand onun beş bacı-qardaşına göndərdiyi məktubda bildirib ki, satışla bağlı səsvermə etibarsızdır. Onun sözlərinə görə, belə qərarın qəbul edilməsi üçün digər iki həmtəsisçi, Coey və Ceni Bussla yanaşı, Jini Bussun da razılığı tələb olunur.
ESPN-in yaydığı məktubda qeyd edilir ki, həmtəsisçilər Jini Bussun nəzarətçi sahib kimi qalmasını təmin etmək üçün ən azı 15 faizlik mülkiyyət payının qorunmasına səs verməlidirlər.
Vəkil həmçinin xəbərdarlıq edib ki, satış prosesinin davam etdirilməsi etimad öhdəliyinin və fidusiar vəzifələrin pozulması, eləcə də məhkəməyə hörmətsizlik kimi qiymətləndirilə bilər.
“Jini Buss adından tələb edirəm ki, müştəriləriniz açıq şəkildə Jini Bussun Los Anceles “Lakers”in nəzarətçi sahibi olduğunu bəyan etsin və 17,8 faizlik payın satılması ilə bağlı bu ehtimal olunan səsvermə əsasında heç bir addım atmasınlar”, deyə məktubda qeyd edilir.
Buna baxmayaraq, Cerri Bussun digər övladları Conni, Cimmi, Ceni, Coey və Cessi çərşənbə axşamı mövqelərini dəyişməyiblər.
Onlar açıqlamalarında “bu qərarda birliyimizi qoruyuruq” deyərək prosesi “düşünülmüş, hörmətli və müvafiq qaydada” davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Cerri Buss 1979-cu ildə “Leykers”i Los Ancelesin “Kinqs” hokkey komandası və hazırda “Kia Forum” adlanan arena ilə birlikdə 67,5 milyon dollara satın almışdı. Onun 2013-cü ildə ölümündən sonra klubun mülkiyyəti altı övladına keçib. Daha sonra Mark Valterlə razılaşma əldə edilib. Valter eyni zamanda “Çelsi” klubunun sədri Todd Boli ilə birlikdə MLB-də çıxış edən Los Anceles “Dodgers” klubunda da pay sahibidir.
“Leykers”in 17 NBA çempionluğu var. Onlardan 11-i Buss ailəsinin sahiblik etdiyi dövrdə qazanılıb. Komanda bu göstərici ilə rekord sahibi Boston “Celtics”dən cəmi bir çempionluq geridədir.
Coş Kuşnerin iştirak etdiyi sövdələşmə “Leykers”in satışını idman tarixinin ən bahalı klub satışı edə bilər. Kuşnerin təsis etdiyi ABŞ vençur kapitalı şirkəti “Thrive Eternal” daha əvvəl FİFA prezidenti Canni İnfantinonun adı ətrafında yaranan mübahisə ilə gündəmə gəlmişdi. Şirkətin FİFA-nın “Forward Enterprise” layihəsi çərçivəsində qurulması planlaşdırılan investor qrupuna rəhbərlik etməsi gözlənilirdi.
“Leykers”in satışının baş tutması üçün NBA-nin qubernatorlar şurasının gələn ay razılığı tələb olunur. Əməliyyat təsdiqlənərsə, bu, indiyədək açıqlanmış ən bahalı idman komandası satışı olacaq. Eyni zamanda Mark Valter klubdakı investisiyasından qısa müddət ərzində 2,5 milyard dollar mənfəət əldə edəcək.



