“Tesla” milyonlarla avtomobili geri çağırır

“Tesla” şirkəti qapıların fövqəladə vəziyyətdə açılmasını çətinləşdirə bilən problem səbəbindən Çində 2,98 milyon avtomobili geri çağırır. Bu, şirkətin Çindəki ən böyük geri çağırma kampaniyalarından biridir.
AZERFAX.AZ xəbər verir ki, geri çağırılan avtomobillərdə salondakı mexaniki qəza qapı tutacaqları interyerin rənginə çox yaxın olduğundan onları tapmaq və istifadə etmək çətin ola bilər. Xüsusilə ciddi qəza zamanı avtomobilin aşağı gərginlik sistemi sıradan çıxarsa, bu problem sərnişinlərin avtomobildən çıxmasına və kənardakı şəxslərin onları xilas etməsinə mane ola bilir.
Çində ümumilikdə 11 avtomobil istehsalçısının 4,3 milyondan çox avtomobili bu problemlə əlaqədar geri çağırılır. “Tesla” ilə yanaşı, onun yerli rəqibi “Xiaomi” də 390 mindən çox SU7 modelini geri çağıracaq.
Çin hakimiyyəti 2027-ci ildən yeni avtomobillərdə gizli və ya çölə açılan elektron qapı tutacaqlarının istifadəsini məhdudlaşdıracaq. Yeni tələblərin əsas məqsədi qəza zamanı sərnişinlərin avtomobildən daha asan çıxmasını təmin etməkdir.
“Tesla” geri çağırılan avtomobillərdə problemi pulsuz proqram təminatı yeniləməsi və xəbərdarlıq nişanlarının əlavə edilməsi ilə aradan qaldıracaq. Şirkət həmçinin qəza zamanı şüşələrin avtomatik endirilməsi funksiyasını tətbiq edəcək.



