6,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı

Serbiyada arxeoloqlar nadir neolit dövrünə aid bəzək əşyası aşkarlayıblar. Söhbət üzərində səliqə ilə deşik açılmış insan dişindən gedir. Ehtimal olunur ki, diş ipdən asılaraq kulon kimi taxılıb. Tapıntının yaşı 6,5 min ildən çoxdur.
AZERFAX.AZ xəbər verir ki, tapıntı barədə məqalə “International Journal of Osteoarchaeology” elmi jurnalında dərc olunub.
Diş Belqraddan çox uzaqda yerləşməyən Yablanitsa arxeoloji abidəsində aparılan çöl işləri zamanı aşkarlanıb. Yaşayış məntəqəsi Avropanın ən iri qədim mədəniyyətlərindən biri olan Vinça mədəniyyətinə aid olub. Uzunluğu təxminən 23 millimetr olan diş kənd təsərrüfatı işləri zamanı zədələnib və tacı iki hissəyə bölünüb. Fraqmentlər Mladenovats muzeyinə təhvil verilib və burada təxminən 20 il ərzində rəfdə qalıb.
Belqrad Arxeologiya İnstitutunun arxeoloqları Nemanya Markoviç və Ana Mariçiç təkrar araşdırma zamanı onun insan köpək dişi olduğunu müəyyən ediblər. Mikroskopik və rentgen müayinələri dişin son dərəcə diqqətlə işlənildiyini və üzərində deşmə izlərinin olduğunu göstərib.
Aşınmanın xarakterinə əsaslanan tədqiqatçılar dişin orta yaşlı insana məxsus olduğunu ehtimal edirlər. Eyni zamanda, kök hissəsində dişin canlı insandan çıxarılması zamanı yarana biləcək zədələnmə izləri yoxdur. Bu isə bəzək əşyasının həmin vaxt artıq vəfat etmiş şəxsin dişindən hazırlandığını ehtimal etməyə əsas verir.
Kulonun hazırlanma vaxtını dəqiq müəyyənləşdirmək çətindir, çünki diş arxeoloji kontekstdən kənarda aşkar edilib. Bununla belə, üzərindəki deşmə izlərinin xarakteri Yablanitsada aşkar edilmiş digər bəzək əşyası — eramızdan əvvəl təxminən 4700-cü ilə aid edilən qabıqdan hazırlanmış bilərzik fraqmenti ilə müqayisə edilib. Əlamətlərin məcmusu onların eyni dövrə aid olduğunu göstərir.
İnsan dişlərindən hazırlanmış bu cür bəzək əşyalarına Avropada olduqca nadir rast gəlinir. Alimlərin fikrincə, bu, Mərkəzi Balkanların neolit dövründə insan dişindən hazırlanmış və etibarlı şəkildə sənədləşdirilmiş yeganə bəzək əşyasıdır.
Yablanitsa üçün bu tapıntı xüsusilə diqqətəlayiqdir. Burada bəzək əşyalarına ümumiyyətlə nadir hallarda rast gəlinir. Bundan əvvəl arxeoloqlar yalnız qabıqdan hazırlanmış bilərzik fraqmenti və bir kulon aşkar etmişdilər.
Tədqiqatçılar hesab edirlər ki, bu tapıntı qədim cəmiyyətlərdə ölülərin qalıqlarının yalnız dəfn edilmədiyini, həm də xatirə, kimlik və dirilərlə ölülər arasındakı münasibətlərlə bağlı şəxsi əşyalara çevrilə bildiyini göstərir.
Hüseyn İbadlı



