İki ildə sərvəti 4,3 milyard dollar azaldı


İki il əvvəl Türkiyənin ən zəngin iş adamı olan İbrahim Erdemoğlunun sərvəti kəskin şəkildə azalıb.
AZERFAX.AZ xəbər verir ki, Erdemoğlu Holdingin İdarə Heyətinin sədri İbrahim Erdemoğlu 2023-cü ildə 5,3 milyard dollarlıq sərvəti ilə Türkiyənin ən varlı iş adamı idi. Lakin sonrakı dövrdə xüsusilə “SASA” səhmlərinin dəyər itirməsi və həyata keçirilən səhm satışları onun sərvətinə ciddi təsir edib.
Məlumata görə, Erdemoğlunun sərvəti üç il ərzində 4,3 milyard dollardan çox azalıb. Hazırda onun ümumi sərvəti təxminən 1 milyard dollar qiymətləndirilir.
Bu dəyişiklik onun Türkiyənin ən zənginləri siyahısındakı mövqeyinə də ciddi təsir göstərib. 2023-cü ildə siyahının zirvəsində olan iş adamı hazırkı siyahıda 28-ci pilləyə qədər geriləyib.
Hazırda Türkiyənin ən zəngin iş adamları siyahısına 5,3 milyard dollarlıq sərvətlə Murat Ülker başçılıq edir. İbrahim Erdemoğlu isə 1 milyard dollarlıq sərvətlə siyahının 28-ci sırasında yer alır.



