Cəmi 14 dəqiqə oynadı: “Qalatasaray”dan gedir


“Qalatasaray”da forma şansı qazana bilməyən gənc futbolçu Can Armando Günerin komandadan ayrılması gündəmə gəlib.
AZERFAX.AZ xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “Samsunspor” 19 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. Tərəflər arasında transferlə bağlı danışıqların davam etdiyi bildirilir.
Can Armando Güner ötən mövsümün qış transfer pəncərəsində “Qalatasaray”a qoşulub. Lakin gənc futbolçu komandanın geniş heyətində özünə yer tapmaqda çətinlik çəkib.
Güner İstanbul klubunun heyətində cəmi 2 rəsmi oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda ümumilikdə cəmi 14 dəqiqə forma geyinib. Bu səbəbdən futbolçunun daha çox oynaya biləcəyi komandaya keçidə müsbət yanaşdığı qeyd olunur.
Məlumata əsasən, “Samsunspor” Güneri birbaşa transfer etmək istəyir. “Qalatasaray”ın gənc oyunçunu gələcək üçün qorumaq məqsədilə müqaviləyə geri satınalma şərti əlavə etməyi planlaşdırdığı bildirilir.



