ƏKİNDƏ PLANLAMA YOXDURSA, SONDA SU PROBLEMİ QAÇILMAZDIR

Kənd təsərrüfatında məhsuldarlığın əsas şərtlərindən biri təkcə torpağın münbitliyi və düzgün aqrotexniki tədbirlər deyil, əkin sahəsinin real su təminatı imkanlarının əvvəlcədən qiymətləndirilməsidir.
Təəssüf ki, bəzi təsərrüfatçılar əkinə başlamazdan əvvəl ərazinin su təminatı imkanlarını, relyefini, hidroloji və hidrogeoloji xüsusiyyətlərini, mövcud su mənbələrinin debitini, subartezian quyularının sayını və onların faktiki istismar potensialını nəzərə almadan qərar qəbul edirlər. Ən başlıcası isə bu məsələlərlə bağlı yerli Su və Meliorasiya Sistemlərinin İstismarı İdarələri ilə əvvəlcədən məsləhətləşmələr aparılmır.
Nəticədə vegetasiya dövründə problem üzə çıxır: əkin sahəsinin suvarma normativlərinə uyğun su ilə təmin edilməsi mümkün olmur, su mənbələrinin mövcud debiti tələbatı qarşılamır, relyef və hidravlik şərait isə suyun sahəyə çatdırılmasına imkan vermir. Bundan sonra isə təbii olaraq narazılıq yaranır və bütün məsuliyyət su təsərrüfatının üzərinə qoyulur.
Halbuki əkin qərarı verilməzdən əvvəl su təminatı hesablanmalıdır.
Təsərrüfatçı hansı bitkini, nə qədər sahədə və harada əkəcəyini müəyyənləşdirərkən həmin ərazinin su balansını, suvarma şəbəkəsinin ötürücülük qabiliyyətini, su mənbələrinin debitini və mövcud hidrotexniki qurğuların imkanlarını bilməlidir.
Bunun ən düzgün yolu isə yerli Su və Meliorasiya Sistemlərinin İstismarı İdarələri ilə əvvəlcədən koordinasiya və məsləhətləşmələr aparmaqdır.
Çünki su təsərrüfatında prinsip sadədir: əvvəl su resursunu hesabla, sonra əkin planlaşdır.
Bu gün iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudlaşması və quraqlıq risklərinin artdığı bir şəraitdə plansız əkin yalnız təsərrüfatçının deyil, bütövlükdə su ehtiyatlarının idarə olunmasına əlavə təzyiq yaradır.
Ona görə də hər bir təsərrüfatçı bilməlidir: suvarma imkanını əvvəlcədən dəqiqləşdirmək məsuliyyətin ötürülməsi deyil, təsərrüfatın düzgün planlaşdırılmasıdır.
Su varsa, əkinin gələcəyi var. Əkinin gələcəyi isə ilk növbədə düzgün planlamadan başlayır.
NİCAT DAĞLAR



