135 min qəhvə stəkanını toplayıb yol çəkdilər


Avstraliyada tullantıların təkrar emalı ilə bağlı maraqlı layihə həyata keçirilib. İstifadə edilmiş 135 min ədəd birdəfəlik qəhvə stəkanı xüsusi asfalt qarışığının hazırlanmasında istifadə olunub.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, layihə Yeni Cənubi Uels ştatının Penrith bölgəsində həyata keçirilib. Burada ümumilikdə 750 metr uzunluğunda yol təkrar emal edilmiş materiallardan hazırlanan asfaltla örtülüb. Layihədə 135 min qəhvə stəkanı ilə yanaşı, 1,2 milyon şüşə butulkaya bərabər miqdarda təkrar emal edilmiş şüşədən də istifadə olunub.
Hazırlanan asfaltın karbon izini təxminən 24 faiz azaltdığı bildirilir. Qarışıqda köhnə asfalt və polad istehsalından qalan sənaye tullantıları kimi digər təkrar emal edilmiş materiallar da yer alıb.
Mütəxəssislər əvvəlcə bu texnologiyanı 50 metrlik sınaq yolunda yoxlayıblar. Ağır yük maşınlarının hərəkəti və laboratoriya sınaqlarından uğurla keçən asfaltın ənənəvi asfalt qədər davamlı olduğu müəyyənləşdirilib.
Layihənin əsas məqsədi tullantıların zibilxanalara göndərilməsinin qarşısını almaq və onları yenidən faydalı materiala çevirməkdir.



