Narkobaronların qazanc mənbəyi dəyişdi – İldə 21 milyard dollarlıq “yeni alver”

Texasdan Meksikaya qanunsuz yanacaq daşınması narkokartellər üçün narkotik ticarətini belə geridə qoya biləcək nəhəng gəlir mənbəyinə çevrilib.
AZERFAX.AZ xəbər verir ki, Texas İctimai Təhlükəsizlik Departamentinin məlumatına görə, narkokartellər hər il Texasdan Meksikaya 12-21 milyard dollar dəyərində yanacağı qanunsuz yollarla keçirirlər.
Departament nümayəndələri ötən həftə Texas Senatının müvafiq komitəsində bildiriblər ki, yanacaq qaçaqmalçılığı artıq narkotik ticarətini üstələmiş və kartellərin əsas gəlir mənbəyinə çevrilmiş ola bilər.
Texas İctimai Təhlükəsizlik Departamentinin rəhbəri, polkovnik Friman Martin Senatın Daxili və Sərhəd Təhlükəsizliyi üzrə Xüsusi Komitəsində çıxışı zamanı problemin miqyasına diqqət çəkib.
“Qanunsuz yanacaq daşınması hamının gözü qarşısında mövcud olan təhlükədir. Onlar yanacaqdaşıyan maşınları və təsəvvür edə biləcəyiniz istənilən başqa çənləri dolduraraq yükü cənuba aparırlar”, – deyə Martin bildirib.
Yanacaq qaçaqmalçılığı sərhəddən yanacağın qanunsuz keçirilməsi və ya vergidən yayınaraq qeyri-qanuni gəlir əldə etmək məqsədilə yanacaq əməliyyatlarının manipulyasiya edilməsi kimi həyata keçirilir. Bu fəaliyyət Texas hakimiyyəti ilə yanaşı, ştatın neft-qaz sənayesi nümayəndələrinin də ciddi narahatlığına səbəb olub.
Texasdan respublikaçı senator Fil Kinq bildirib ki, kartellərin bu fəaliyyət istiqaməti ənənəvi narkotik və insan alveri qədər mürəkkəb, təhlükəli və gəlirlidir. (Musavat.com)



