İlon Mask gələcəyin ən böyük təhlükəsini açıqladı


ABŞ-ın Los-Anceles şəhərində keçirilən “All-In Summit 2026” sammitində çıxış edən İlon Mask süni intellektin yaratdığı risklər barədə danışıb.
AZERFAX.AZ xəbər verir ki, ona “10 il ərzində hamımız öləcəyikmi?” sualı ünvanlanıb. Mask suala ironik cavab verərək “Sizi məyus etmək istəmirəm, amma onsuz da bir gün hamımız öləcəyik” deyib. Məlumata görə, milyarder süni intellektin inkişafı ilə təhlükələrin də artacağını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. O, süni intellektin hərbi sistemlərin nəzarətini ələ keçirərək nüvə silahının işə salınması əmri verməsinin ciddi təhlükə yarada biləcəyini bildirib. Mask süni intellekt şirkətlərinin yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birinin sistemlərini təhlükəsizlik baxımından sınaqdan keçirməsini təklif edib. Mask Çinlə də bu istiqamətdə razılaşmanın mümkün olduğunu və aparıcı şirkətlər arasında qarşılıqlı nəzarət mexanizminin tezliklə yaradılmalı olduğunu deyib.
Qeyd edək ki, son dövrlərdə bəzi süni intellekt tədqiqatçıları bu texnologiyanın gələcəkdə insanlıq üçün ciddi təhlükəyə çevrilə biləcəyi barədə xəbərdarlıqlar edirlər.



