AZERFAX TV

Bal ayına getdi, milli komdandaya çağırılmadı

“Bavariya”nın və Kanada millisinin kapitanı Alfonso Davyes qarşıdakı beynəlxalq oyunlar üçün milli komandanın heyətinə daxil edilməyib. Buna səbəb futbolçunun həyat yoldaşı ilə bal ayına çıxmasıdır.

AZERFAX.AZ xəbər verir ki, Kanada Futbol Federasiyası Davyesin heyətə çağırılmadığını rəsmi şəkildə açıqlayıb. 25 yaşlı futbolçu iyulun 23-də Parisdə Şeyenne Jen ilə ailə həyatı qurub və cütlük toy mərasimindən sonra birlikdə səyahət etməyi planlaşdırır.

Kanada millisinin baş məşqçisi Cesse Marş bildirib ki, qərar futbolçu ilə qarşılıqlı razılaşma əsasında qəbul edilib. Onun sözlərinə görə, Davyesin bal ayının bir hissəsini milli komandanın düşərgəsində keçirməsi variantı müzakirə olunub, lakin futbolçunun əvvəlcə istirahət etməsinin daha məqsədəuyğun olduğu qənaətinə gəlinib.

“Onun əvvəlcə bal ayından zövq almasının, daha sonra isə fiziki hazırlığı və formasını qorumağa davam etməsinin vacib olduğunu düşündüm”, – deyə baş məşqçi bildirib.

Davyes son dövrdə zədələrlə bağlı ciddi problemlər yaşayıb. O, 2025-ci ilin əvvəlində Kanada millisinin oyunlarından birində çarpaz bağlarından zədə alıb və təxminən doqquz ay yaşıl meydanlardan uzaq qalıb. Daha sonra əzələ zədəsi səbəbindən “Bavariya”nın ötən mövsümünün son bölümünü də buraxıb.

Futbolçu ev sahibi olduğu dünya çempionatında Kanada millisinin heyətində cəmi 16 dəqiqə meydanda olub. Hazırda isə Davyes yenidən optimal formasını bərpa etməyə başlayıb. O, “Bodo-Qlimt”lə 5:0 hesablı oyunda komandasının qollarından birinə imza atıb.

Kanada millisinin baş məşqçisi futbolçunun hazırkı vəziyyətindən razı olduğunu bildirib və onun qarşıdakı vacib oyunlara tam hazır olmasını istədiklərini vurğulayıb.

Davyesin milli komandaya qayıdışının oktyabrda baş tutacağı gözlənilir. Kanada sentyabrın sonunda Çili ilə, daha sonra isə Peru və ABŞ ilə yoldaşlıq oyunları keçirəcək.

Related Articles

Bir cavab yazın

Back to top button