AZERFAX TV

Süni intellekt “qırmızı xətləri” keçdi

ABŞ-da bir ananın sosial şəbəkələrdə paylaşdığı video süni intellektin uşaqların illər ərzində internetə səpələnmiş məlumatlarını nə qədər sürətlə bir araya gətirə bildiyini göstərib.

AZERFAX.AZ xəbər verir ki, “Meta AI” ailə üzvlərinin köhnə paylaşımlarından uşaqların adlarına, doğum məlumatlarına, fotolarına və maraq dairələrinə qədər bir çox təfərrüatı tapıb.

ABŞ-ın Yuta ştatında yaşayan Kali Robinsin sosial şəbəkədə paylaşdığı video uşaqların rəqəmsal məxfiliyi ilə bağlı yeni müzakirə başladıb.

Robins qızlarından biri ilə avtomobildə mahnı oxuduğu videonu Instagram-da paylaşıb. Video daha sonra “Facebook”da da yayımlanıb.

Qadın videoya yenidən baxarkən “Meta AI”nin paylaşımın altında təklif etdiyi sual diqqətini çəkib:

“Arxa oturacaqdakı uşaq kimdir?”

Robins təklif olunan suala tıkladıqda “Meta AI” videodakı qızının adını qeyd edib. Ardından təkcə bununla məhdudlaşmayaraq digər qızının da adını tapıb.


Məlumatlar müxtəlif ailə üzvlərinin paylaşımlarından əldə olunub

“Meta AI” iki uşaq haqqında illər ərzində sosial şəbəkədə paylaşılmış müxtəlif məlumatları bir araya gətirib.

Robinsin paylaşdığı ekran görüntülərinə əsasən, sistem ailə üzvlərinin ad günü paylaşımları və doğum elanlarından uşaqların yaşları ilə bağlı məlumatlar çıxarıb. Uşaqlardan birinin doğumundan sonra nənəsi tərəfindən “Facebook”da paylaşılmış foto və doğum məlumatlarını da tapıb.

Süni intellekt uşaqların yaşlarından hərəkət edərək hansı sinifdə ola biləcəkləri ilə bağlı təxmin irəli sürüb. Robinsin bildirdiyinə görə, qızlarının sevdikləri kitablar və çimərliklər, həmçinin getdikləri gəzinti marşrutları kimi maraq dairələrinə aid məlumatlar da təqdim edib.

Ardından sistem bu dəfə “Kali Robins harada yaşayır?” sualını təklif edib.

Robins bu suala tıkladıqda “Meta AI” köhnə paylaşımlardan hərəkət edərək onun yerini müəyyənləşdirməyə çalışıb. “Yahoo Tech” nəşrinə görə, sistem Robinsin əvvəllər yaşadıqları ilə əlaqəli köhnə və yeni paylaşımları da nəticələrə daxil edib.

Silinən foto ilə bağlı “Meta” və ana fərqli açıqlama veriblər

Robinsin diqqətini çəkən məqamlardan biri də köhnə ailə fotosu olub.

Robins “Meta AI”nin üzə çıxardığı fotoşəkili illər əvvəl sosial şəbəkədən sildiyini bildirib.

Meta isə bu iddiaya fərqli izahat verib. Şirkət fotonun illər əvvəl deyil, Robinsin videonu hazırlamasından qısa müddət əvvəl silindiyini və müvəqqəti xəta səbəbindən bir müddət daha görünən qaldığını iddia edib.

“Meta”: “Bu suallar heç vaxt təklif olunmamalı idi”

Robins baş verənləri “Instagram”da danışıb. Paylaşım qısa müddətdə yüz minlərlə insana çatdırılıb və uşaqların rəqəmsal məxfiliyi ilə bağlı müzakirəni gücləndirib.

“Meta” da hadisədən sonra sistemdə dəyişiklik etdiyini açıqlayıb.

Şirkət bu xüsusiyyətin istifadəçilərin maraq dairəsinə uyğun gələn paylaşım və mövzular haqqında daha çox məlumat əldə etməsinə kömək etmək məqsədilə hazırlandığını bildirib.

“Meta”nın məlumatına görə, süni intellektin verdiyi cavablar sualı verən istifadəçinin onsuz da əldə edə bildiyi məlumatlara əsaslanır. Şirkət bildirib ki, bir istifadəçi normal şəraitdə hansısa paylaşımı görə bilmirsə, “Meta AI” həmin paylaşımı cavablarında göstərə bilməz.

Lakin “Meta” Robinsin qarşısına çıxan təkliflərin uyğun olmadığını qəbul edib.

Şirkət sözçüsü sistemin “hədəfi yayındırdığını” qeyd edərək uşaqlar və ailə haqqında bu cür şəxsi sualların heç vaxt təklif olunmamalı olduğunu və problemin aradan qaldırıldığını açıqlayıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button