Siyasət

Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır

Xanlar Fətiyev – Milli Məclisin deputatı

44 günlük Vətən müharibəsinin hər bir günü Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq səhifəsidir. Ordumuz bu savaşda hər gün irəli getdi, bir-birinin ardınca şəhər və rayonlarımız işğaldan azad olundu. Yaxşı xatırlayırıq, həmin günlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza müraciətləri, cəbhədən gələn qələbə müjdələri cəmiyyətimizdəki zəfər ovqatını daha da gücləndirirdi.  

2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin və rayonun 6 kəndinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun Zəfər yürüşünün növbəti möhtəşəm təntənəsi oldu. Zəngilanın azad edilməsi ilə Azərbaycan Respublikası İranla 132 km-lik dövlət sərhədinə nəzarəti tam bərpa etdi. Bundan başqa, Zəngilanın azad olunması nəticəsində Azərbaycan Ordusu həm Ermənistanla sərhədə qədər gəlib çatdı, həm də Qubadlının və Laçının azad edilməsi üçün əlverişli şərait formalaşdı. Bu baxımdan Zəngilan zəfəri 44 günlük Vətən müharibəsində Azərbaycanın əsas strateji uğurlarından biri oldu.

Zəngilan rayonu Ermənistan tərəfindən 1993-cü ilin oktyabrında işğal olunmuşdu. Həmin ilin avqustunda Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra mühasirədə qalmalarına baxmayaraq, zəngilanlılar düşmənlə 2 aydan artıq bir müddətdə qəhrəmancasına döyüşmüşdülər. Bu döyüşlərdə 235 nəfər zəngilanlı şəhid oldu və itkin düşdü.  İşğal dövründə zəngilanlılar respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdılar.

Zəngilan da işğal edilən digər rayonlarımız kimi erməni vandallığına məruz qalıb. İşğal dövründə ermənilər rayon mərkəzini və kəndlərini xarabazarlığa çeviriblər. 2020-ci il dekabrın 23-də Zəngilana səfər edən Prezident İlham Əliyev bu barədə demişdi:

“Görün şəhərlərimizi nə günə salıblar. Bir dənə də salamat bina yoxdur. Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb. Cavabını verəcək Ermənistan, cavabını verəcək! Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu”. 

Düşmən Zəngilanın təbiətinə də qənim kəsilib və Bəsitçay qoruğundakı çinar meşəliyini məhv edib. Bir neçə yüz yaşı olan çinarlar ermənilər tərəfindən doğranaraq satılıb. Zəngilan ərazisi faydalı qazıntılarla  da zəngindir. Lakin işğal dövründə rayondakı tikinti daşı, qızıl, qara mərmər yataqları qanunsuz şəkildə istismar olunub, talanıb, çıxarılan faydalı qazıntılar xarici dövlətlərə satılıb. Rayon ərazisindən keçən Oxçuçay isə işğal dövründə Ermənistan tərəfindən çirklənməyə məruz qalıb.

Artıq Zəngilan azaddır, dövlətimizin həyata keçirdiyi bərpa və quruculuq tədbirləri sayəsində düşmənin vurduğu yaralar aradan qaldırılır. Azad olunmasından ötən 6 ildə Zəngilanda həyata keçirilən bərpa işləri kompleks məzmun daşımaqla, həm zəngilanlıların doğma yurda qayıdışını təmin edib, həm də rayonda iqtisadiyyatın dirçəldilməsinə yol açıb. Prezident İlham Əliyev işğaldan azad edilməsindən sonra 14 dəfə Zəngilana səfər edib. Dövlət başçısının hər səfəri təsdiq edib ki, Zəngilan sürətlə bərpa olunur, yenidən qurulur.

Bərpa və quruculuqdan bəhs edərkən öncə onu qeyd etmək yerinə düşər ki, Zəngilan Vətən müharibəsinin başa çatmasından sonra keçmiş məcburi köçkünlərin qayıtdığı ilk rayondur. 2022-ci il mayın 27-də rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub və həmin gündən işğaldan azad edilən ərazilərə qayıdış başlayıb. Ağalıda “Ağıllı kənd” konsepsiyasının üç komponenti – ağıllı idarəetmə, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat mühiti yaradılıb.

Zəngilanda Böyük Qayıdışın reallaşdığı kəndlərdən biri də Məmmədbəylidir. 2025-ci il oktyabrın 28-də cənab Prezident İlham Əliyev kəndin geri qayıdan ilk sakinlərinə evlərinin açarlarını təqdim edib.

O cümlədən Zəngilan şəhəri sürətlə yenidən qurulur. Şəhərdə təməli 2022-ci ildə qoyulan ilk yaşayış kompleksinin açılışı bu il may ayının 10-da olub. Həmin gün Prezident İlham Əliyev kompleksə köçən ailələrlə görüşüb, onlara mənzillərinin açarlarını təqdim edib.

Zəngilandakı bərpa və quruculuq işlərinə respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondu da öz töhfələrini verir. Belə ki, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.

Aparılan bərpa və quruculuq işləri Zəngilanı həm də respublikamızın mühüm nəqliyyat qovşağına çevirməkdədir. Məlum olduğu kimi, rayonnəqliyyat dəhlizləri üzərində yerləşir. Bu imkanları respublikamızın nəqliyyat-logistika potensialı çərçivəsində düzgün dəyərləndirən dövlətimiz Zəngilanda nəhəng nəqliyyat layihələri həyata keçirir. Bu baxımdan ən müasir beynəlxalq standartlara cavab verən Zəngilan Beynəlxalq Hava Limanının inşası mühüm iqtisadi hadisədir. Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Zəngilan Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas infrastruktur obyektlərindən biridir.

Həmçinin Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun və Zəngilan-Horadiz avtomobil yolunun inşasının həm Zəngəzur dəhlizinin imkanları, həm də Şərqi Zəngəzurun iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından mühüm strateji əhəmiyyəti var. Bu nəqliyyat infrastrukturları azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsinə, həm də yüklərin daşınmasına böyük töhfə verəcək.

Zəngilanda iqtisadi potensialın hərəkətə gətirilməsi də diqqət mərkəzindədir. Bunun ən böyük nümunələrindən biri Azərbaycan və Türkiyə şirkətləri tərəfindən yaradılan “Dost Aqropark” kənd təsərrüfatı kompleksidir. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabr ayının 20-si ölkəmizdə Zəngilan şəhəri günü kimi qeyd olunur. İşğaldan azad olunmasının altıncı ildönümünü Zəngilan mühüm nailiyyətlərlə qarşılayır. Çünki bu altı ildə rayonda aparılan bərpa və quruculuq işləri həm dinamik, həm də qürurvericidir. Bu gün yeni növrağını yaşayan Zəngilan tezliklə nəinki Şərqi Zəngəzurun, bütün Azərbaycanın və regionun ən gözəl rayonları cərgəsinə yüksələcək.

Related Articles

Bir cavab yazın

Back to top button