Ölkə

İngiltərəni uğur böcəkləri “istila” etdi

İngiltərənin şimal bölgələrində Asiya mənşəli uğur böcəklərinin kütləvi yayılması ciddi narahatlıq yaradıb. Nyukasl, Durham və Kambria kimi ərazilərdə minlərlə həşərat evlərin pəncərələrini, avtomobilləri, parkları və hətta qəbir daşlarını bürüyüb. Qeyri-adi mənzərə ilə qarşılaşan sakinlər vəziyyəti əsl istilaya bənzədiblər.

Mətbuat.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu həşəratların adi uğur böcəkləri deyil, Asiya mənşəli invaziv Harlequin növü olduğunu müəyyənləşdiriblər. Bildirilir ki, soyuq havaların başlaması ilə qışlamaq üçün isti sığınacaq axtaran böcəklər yaşayış evlərinə və digər məkanlara axın edirlər.

Məlumata görə, bu növ öz aralarında cinsi yolla yayılan təhlükəli göbələk xəstəliyinin daşıyıcısıdır. Həmin infeksiya böcəklərin qanadlarında pulcuqlanmaya səbəb olur və yerli uğur böcəyi populyasiyasını məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Bununla belə, xəstəliyin insanlar üçün birbaşa sağlamlıq təhlükəsi yaratmadığı bildirilir.

İnvaziv böcəklərin bəzən insanları dişlədiyi, əzildikdə isə ətrafa xoşagəlməz qoxu yaydığı qeyd olunur. Bundan başqa, onların parçalarda çətin təmizlənən sarı ləkələr buraxdığı bildirilir.

Mütəxəssislər sakinlərə böcəkləri öldürməməyi, onları süpürgə və xəkəndaz vasitəsilə toplayaraq ehtiyatla evdən uzaqlaşdırmağı tövsiyə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button