SOCAR və “Honeywell Technologies” saziş imzaladı


SOCAR-ın prezidenti Rövşən Nəcəf “Honeywell Technologies” şirkətinin strategiya üzrə prezidenti, qlobal regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşvari ilə görüşüb.
Bu barədə AZERFAX.AZ-a SOCAR-dan bildirilib.
Görüşdə SOCAR ilə “Honeywell Technologies” arasında əməkdaşlıq münasibətlərinin davamlı inkişafından məmnunluq ifadə olunub, enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən rəqəmsal transformasiya, avtomatlaşdırma və dayanıqlılıq sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Söhbət zamanı SOCAR tərəfindən əməliyyatların rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Tərəflər sənayenin avtomatlaşdırılması, enerji keçidi, əməliyyat təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə SOCAR-la “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb.
SOCAR-ın ölkədaxili və beynəlxalq aktivlərini əhatə edən yeni yanaşmanı özündə əks etdirən saziş proqram təminatı və müvafiq texnoloji həllər də daxil olmaqla, məhsul və xidmətlərin gələcək təchizatı üzrə əməkdaşlığın çərçivəsini müəyyən edir.



